Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Azərbaycan muğamı günü” ilə əlaqədar “Muğam ruhun qidasıdır” adlı tədbir keçirib.
Kitabxanadan bildirilib ki, tədbirdə kitabxananın əməkdaşı İradə Hüseynova əlamətdar gün barədə məlumat verib. Bildirib ki, muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin diqqətini daim cəlb edib. Bu sənət Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malikdir.
Tədbirdə kitab sərgisi təşkil edilib, Xan Şuşinski, Qədir Rüstəmov və Səxavət Məmmədovun ifasında videolent nümayiş olunub.
Tədbir ədəbi-bədii hissə ilə davam edib. Gənc ifaçılar muğamlardan parçalar oxuyublar.