Məcburi köçkünlər üçün muğam konserti təşkil edilib
Avqustun 26-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonunda “Beynəlxalq Azərbaycan muğamı günü”nə həsr olunmuş “Bir gün Qarabağda” adlı konsert keçirilib.
Avaxıl kəndi yaxınlığında açıq havada məcburi köçkünlər üçün təşkil olunmuş konsertə Beynəlxalq Muğam Mərkəzi, Xocalı, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Şamaxı rayon icra hakimiyyətləri dəstək veriblər.
Azərbaycan mədəniyyəti tarixində muğam ifaçılığının Qarabağ və Şirvan məktəbləri önəmli yer tutur. Hər iki məktəbin yetirmələri milli mədəniyyətimizin inkişafına sanballı töhfələr veriblər və bu missiyanı gənc ifaçılar nəsli davam etdirir.
Təbii gözəllikləri və muğama sevgisi ilə Qarabağın can sirdaşı sayılan Şirvan torpağında təşkil olunan konsert xalqımızın mədəni-mənəvi dəyərlərinə, onların qorunmasına və zənginləşdirilməsinə məcburi köçkünlərin dəstəyini nümayiş etdirmək məqsədi daşıyıb.
Tədbirdə qonaqları Dövlət Komitəsinin gənc könüllüləri qarşılayıblar. Onlar üçün milli və hərbi üslubda özəl hazırlanmış geyimlər xüsusilə göz oxşayıb.
Konsertin təşkil edildiyi ərazidə milli adət-ənənələri və xüsusilə əsl kənd həyatını özündə əks etdirən etnoelementlərdən istifadə olunub. Ərazidə arabalar, arı yeşikləri, pətəklər, xüsusi zövqlə hazırlanmış saxsı və küp qablar, səhənglər, qədim samovarlar, təndir, bulaq, su quyusu və s. nümayiş olunub. Çobanın qoyun-quzunu yemləməsi, saman tayalarının hazırlanması isə kənd həyatını real şəkildə əks etdirib.
Konsert proqramı zamanı qeyd olunub ki, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət tədbirləri bu gün daha geniş miqyasda davam etdirilir. Otuz ildir işğalçılıq siyasəti həyata keçirən Ermənistan xalqımızın Qarabağda əsrlər boyu yaratdığı mədəniyyət abidələrini məhv etməklə yanaşı, qeyri-maddi mədəni irsimizə də sahib çıxmağa cəhd göstərir.
Diqqətə çatdırılıb ki, artıq bir neçə ildir ki, 26 avqust “Beynəlxalq Azərbaycan muğamı günü” kimi qeyd olunur. Bu, xalqımızın milli sərvəti, dünya mədəniyyətinin şah əsəri sayılan muğama verilən bəşəri dəyərin ifadəsidir. Azərbaycan muğamının şöhrəti artıq bütün dünyaya səs salıb. Tarixin dərin qatlarından bizə gəlib çatan bu mədəni-mənəvi sərvətin qorunub saxlanmasında və daha da zənginləşdirilməsində, muğam sənətinin inkişafı üçün hər cür şərait yaradılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Onun təşəbbüsü ilə Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıb. Fondun fəaliyyətinin ən mühüm istiqaməti Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlıdır.
Konsertdə Beynəlxalq Muğam Mərkəzinin ansamblının və solistlərinin ifasında səslənən muğamlarımız çoxsaylı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Tədbir iştirakçıları xalqımızın mədəni-mənəvi dəyərlərindən olan muğamlarımızın işğaldan azad edilmiş yurd yerlərimizdə də səslənəcəyinə əminliklərini ifadə ediblər.