Kino XIX əsrin ən maraqlı kəşflərindən biridir. Bir əsrdən çoxdur dünyada müxtəlif mövzularda filmlər çəkilir, insanları saatlarla ekran qarşısında dayanmağa vadar edir.

Bəzi filmlər var ki, ekranlara çıxmasından neçə on illər keçməsinə baxmayaraq, tamaşaçılar tərəfindən hələ də sevilir, maraqlı epizodları tez-tez xatırlanır. Real həyat hadisələrindən bəhs edən filmlər həmişə tamaşaçıların maraq dairəsində olub. Yaşanan hekayələrdən ilham alan rejissorların çəkdiyi bu filmlər uzun müddət yaddaşlardan silinmir. Bu yazıda da süjeti həyatdan alınan ən yaxşı filmlərə nəzər yetirəcəyik.

İlk olaraq “Ruanda hoteli” filmindən başlayaq. 2004-cü ildə çəkilən ekran əsəri 1994-cü ildə Ruandada Hutu və Tutsi etnik qrupları arasında yaşanan və minlərlə insanın ölümü ilə nəticələnən vətəndaş müharibəsindən bəhs edir. Don Çidl, Xoakin Feniks və Nik Nolton kimi təcrübəli aktyorların oynadığı filmin rejissoru Teri Corcdur.

Kanada, Böyük Britaniya, İtaliya və Cənubi Afrika Respublikasının birgə istehsalı olan filmin baş qəhrəmanı Paul Rusesabagine qəsəbənin ən bahalı hotelinin rəhbəridir. İrqçiliyə nifrət edən Paulun həyat yoldaşı da Tutsilərdəndir. Paul həm öz ailəsini, həm də günahsız insanları qorumaq üçün nə isə etməlidir.

“Xoşbəxtlik axtarışında” (2006) filmi həyat yoldaşı tərəfindən tərk edilən və oğlu ilə mübarizə aparan Kris Qardnerin həyatından bəhs edir. Qabriele Muççinonun çəkdiyi filmdə baş rolları məşhur amerikalı aktyor Vill Smit və oğlu Ceyden Smit canlandırır.

Dünyanın xatırlamaq istəmədiyi fəlakətlərdən biri olan “Titanik” faciəsi 1997-ci ildə Ceyms Kameron tərəfindən ekranlaşdırılıb. Rejissor aysberqə çırpılıb parçalanan gəmidə yaşananları iki gəncin sevgisi fonunda təqdim edib. Filmdə əsas rolları Leonardo di Kaprio və Keyt Uinslet canlandırıb. Onu da qeyd edək ki, “Titanik” filmi 2,19 milyard dollarla dünyada ən çox qazanc gətirən ikinci film hesab olunur.

Roman Polanskinin üç nominasiyada “Oskar”a layiq görülən “Pianoçu”  (2006) filmi II Dünya müharibəsi zamanı yaşanan real həyat dramından bəhs edir. Məşhur polşalı pianoçu Vladislav Şpilmanın xatirələrini yazdığı eyniadlı kitab əsasında ekranlaşdırılan film Şpilmanın Varşavanın kənar məhəllələrində apardığı həyat mübarizəsindən bəhs edir. Baş rolu ifa edən Edrian Broudi “Ən yaxşı aktyor” nominasiyasında “Oskar” mükafatı qazanıb.

“Erin Brokoviç” (2000) filmi hüquq təhsili olmayan, amma çox önəmli məhkəmə proseslərində haqlı tərəfin qalib gəlməsinə nail olan sadə və mübariz qadından bəhs edir. Stiven Sodeberqin rejissoru olduğu ekran işində Brokoviç rolunu Culiya Roberts canlandırıb. C.Roberts bu roluna görə “Ən yaxşı aktrisa” nominasiyasında “Oskar”a layiq görülüb.

Ron Hovardın 1995-ci ildə ekranlara çıxan “Apollon 13” filmi Amerika tarixinin ən böyük qalmaqallarından biri olan “Apollon 13” kosmik layihəsindən bəhs edir. Filmdə 1970-ci ildə Aya göndərilən və partlayan kosmik gəmi heyətinin sağ qalmasından və dünyaya qayıtmasından danışılır. Ekran əsərində Tom Henks, Bill Pekston və Kevin Beykon kimi tanınmış aktyorlar rol alıb.

“Şindlerin siyahısı” (1993) filmi (rejissor Stiven Spilberq) də müharibə mövzusundadır. Oskar Şindler adlı alman iş adamının II Dünya müharibəsi zamanı Polşada qurduğu fabrikdə yəhudiləri işlətməsi və bu yolla 1100 yəhudinin həyatını xilas etməsi filmin əsas süjet xəttini təşkil edir.

“Bacımın hekayəsi” (2009) kinolenti Ceremi Levenin eyniadlı romanı əsasında ekranlaşdırılıb. Film Ticerald ailəsinin leykozla mübarizəsindən bəhs edir. Sara və Brayn Ticerald qızları Keytin leykoz xəstəliyindən əziyyət çəkdiyini öyrənir. Övladlarının bir neçə il ömrü qaldığını öyrənən valideynlər Keytə donor olması üçün daha bir övlad dünyaya gətirirlər. İllər sonra Anna ailəsinin məhz donor olmaq üçün onu dünyaya gətirdiyini öyrənəndə ana və atasını məhkəməyə verir. Keyt isə hələ də ölümlə mübarizə aparır. Rejissor Nik Kassavetesin filmində əsas rolları Kameron Diaz, Abiqayl Breslin və Alek Boldvin canlandırıb.

“Azadlıq yolu” (2007) filmi yaxşı bir universitetdən məzun olan, həmçinin uğurlu bir atlet kimi tanınan Xristoferin taleyinə işıq salır. O, universitetdən məzun olan vaxt verilən dəvətdə ailəsinə istədiyi həyatın bu olmadığını söyləyir. Bütün sərvətini xeyriyyə cəmiyyətinə bağışlayıb sahib olduğu hər şeyi evində buraxaraq fərqli həyata doğru uzun bir yolçuluğa çıxır. Alyaskanın tənha meşələrində sona çatan bu səyahət zamanı və sonra Xristofer həyatını büsbütün dəyişdirəcək bəzi insanlarla tanış olur. Bununla da yaşamın mənasını və ölümün qaçılmaz olduğunu anlayır. Rejissoru Sean Penn olan filmdə rolları Emile Hirsch, Marsia Hardn, Vilyam Hurt və Cena Malone ifa edirlər.

Nurəddin MƏMMƏDLİ