İfa texnikası tamaşaçıları heyran edən meksikalı pianoçu Xesus Lepe Riko yeni əsərlərini pərəstişkarlarına təqdim etmək üçün yenidən Azərbaycana gələcək.
Meksikanın ölkəmizdəki səfirliyindən bildirilib ki, konsertlər silsiləsinin məqsədi universal musiqi dili vasitəsilə iki xalqın yaxınlaşmasına və milli mədəniyyət və incəsənətin tanınmasına töhfə verməkdir.
Məşhur pianoçunun ilk konserti sentyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Konsertdə ifaçı Bax, Bethoven və Şopen kimi məşhur bəstəkarların bir neçə əsərini, eyni zamanda Kastro və Belisario kimi tanınmış meksikalı bəstəkarların bəzi əsərlərini səsləndirəcək.
Xesus Lepe sentyabrın 6-da Qəbələ Mədəniyyət Mərkəzində, sentyabrın 11-də isə Sumqayıt şəhərində çıxış edəcək.
Meksikalı pianoçunun konsertləri Meksikanın Azərbaycandakı səfirliyi və İnkişaf üçün Beynəlxalq Əməkdaşlığa dair Meksika Agentliyi ilə “Landmark” hoteli və Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlığı əsasında həyata keçiriləcək.