Azərbaycan
30 avqust 1984 – Xalq artisti Rübabə Muradova (22.3.1933 – 1984) vəfat edib. Dövlət Opera və Balet Teatrının solisti olub. Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”, Ü.Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib”, Z.Hacıbəyov) və başqa partiyaları ifa edib.
30 avqust 1946 – Xalq artisti, radio diktoru Qarasim Əbdülhəsən oğlu Tağızadə (1946-2018) Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.
31 avqust 1863 – Maarifçi, yazıçı-dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) Şəkidə anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin – “Uşaq bağçası” (“Əlifba”) və “Bəsirət-ül-ətfal” adlı qiraət kitabının müəllifidir. “Saqqalın kəraməti”, “Qonşu-qonşu olsa, kor qız ərə gedər”, “Pul dəlisi” və s. pyeslərin müəllifidir.
31 avqust 1927 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqun (İsgəndər Məmməd oğlu Hümmətov; 1927 – 10.12.1996) Göyçayda anadan olub. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.
31 avqust 1957 – Əməkdar artist Kübra Məmmədağa qızı Dadaşova (1957-2017) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərə (“Yuxu”, “Cavid ömrü” və s.) çəkilib.
31 avqust 1967 – Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (24.6.1939 – 1967) vəfat edib.
31 avqust 2000 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (28.12.1941 – 2000) vəfat edib. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991-2000) olub.
1 sentyabr 1900 – Məşhur sirk pəhləvanı, Xalq artisti Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) Borçalı mahalının (Gürcüstanın Marneuli rayonu) Gorarxı kəndində anadan olub. Moskva Dövlət Sirkinin truppasında çıxış edib.
1 sentyabr 1920 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 – 16.8.2002) Şəkidə doğulub.
1 sentyabr 1924 – Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838-1924) vəfat edib. Tağıyev Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.
1 sentyabr 1930 – Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930-2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq və gənclər üçün kitabların, səhnə əsərlərinin müəllifidir.
1 sentyabr 1930 – Yazıçı-dramaturq, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə (1930-2012) Füzuli rayonunun Cuvarlı kəndində doğulub.
1 sentyabr 1931 – Tanınmış teatr və kino aktyoru Fazil İdris oğlu Salayev (1931 –16.6.1978) Bakıda doğulub. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb, filmlərdə (“Alma almaya bənzər”, “Rəqiblər”, “Şərikli çörək”) yaddaqalan obrazlar yaradıb.
1 sentyabr 1937 – Əməkdar incəsənət xadimi Siyavuş Məmməd oğlu Şəfiyev (1937 – 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. “Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi” və s. filmlərdə çəkilib.
1 sentyabr 1945 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Təbriz oğlu Kərim (1945 – 2.10.2013) Zəngəzur mahalının Şəki kəndində doğulub. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatlar aparıb, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim musiqi alətləri ansamblını yaradıb.
2 sentyabr 1909 – Yazıçı-dramaturq, tərcüməçi Rza Nəbi oğlu Şahvələd (1909 – 2.7.1984) Tiflisdə anadan olub.
2 sentyabr 1916 – Əməkdar incəsənət xadimi, rəssam Əyyub Müseyib oğlu Hüseynov (1916-1998) Naxçıvan MR Kəngərli rayonun Xok kəndində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin direktoru işləyib. Əsərləri: “Araz sahilində”, “Yağışdan sonra”, “Çobanlar” və s.
2 sentyabr 1930 – Əməkdar rəssam Hüseyn Gülbala oğlu Hüseynov (1930-1987) Bakının Buzovna kəndində doğulub. Azərbaycan dilində rəssamlığa dair ilk dərsliklərin müəllifidir.
2 sentyabr 1949 – Əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoq İsmayıl Soltan oğlu Hacıbəyov (1949 – 25.3.2006) anadan olub. “Firuzə” operası, “Memorial” kantatası, “Naxışlar” fantaziyası və digər əsərlərin müəllifidir.
2 sentyabr 1949 – Teatr rejissoru Yusif Məmmədağa oğlu Əkbərov (1949 – 4.10.2016) Bakıda doğulub. Sumqayıt Dövlət Dram, Musiqili Komediya teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib.
Dünya
30 avqust 1748 – Fransız rəssamı Jak Lui David (Jacques-Louis David; 1748-1825) anadan olub. Məşhur rəsmləri: “Maratın ölümü”, “Horasilərin andı”.
30 avqust 1860 – Rus rəssamı İsaak İliç Levitan (1860-1900) anadan olub. Peyzaj ustası kimi tanınıb. Əsərləri: “Ağcaqayın meşəsi”, “Göl” və s.
31 avqust 1811 – Fransız yazıçısı Teofil Qotye (Theophile Gautier; 1811-1872) anadan olub. Romanları: “Gənc Fransa”, “Madmazel Mopen” və s.
31 avqust 1897 – Amerika aktyoru, iki dəfə «Oskar» laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel; 1897-1975) anadan olub. Filmləri: “Doktor Cekil və cənab Hayd”, “Anna Karenina”, “Mayda yeddi gün” və s.
1 sentyabr 1854 – Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck; 1854-1921) anadan olub.
1 sentyabr 1875 – Amerika yazıçısı Edqar Berrouz (Edgar Rice Burroughs; 1875-1950) anadan olub. Tarzan haqqında romanların (26 roman), elmi-fantastik janrda “Marslılar” seriyasından əsərlərin müəllifidir.
2 sentyabr 1852 – Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget; 1852-1935) anadan olub. Psixoloji romanların müəllifidir: “Andre Korneli”, “Şagird”, “Qadın ürəyi”, “Paris əxlaqından oçerklər”.
2 sentyabr 1926 – Tanınmış rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Uğur centlmenləri”, “Mimino”, “Payız marafonu” və s.
Hazırladı: Vüqar ORXAN