Sentyabrın 30-dan oktyabrın 4-dək Bakıda IV “LiFFt” festivallar festivalı – Avrasiya ədəbiyyat festivalı keçiriləcək. Festival “LiFFt” Beynəlxalq Humanitar Fondu, Avrasiya Xalqları Assambleyasının və Azərbaycan tərəfdən Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi və Bakı Kitab Mərkəzinin tərəfdaşlığı ilə gerçəkləşəcək.

Festival çərçivəsində elan olunan müsabiqədə iştirak üçün ərizələrin qəbulu isə avqustun 31-də başa çatır. Şərtlərə görə, 18 yaşına çatmış hər bir yazar festivalın seçim müsabiqəsində iştirak edə bilər. Bunun üçün qeydiyyatdan keçərək (ətraflı lifft.az saytında) ingilis və rus dillərində nəsr və nəzm nümunələrini münsiflər heyətinə təqdim etmək lazımdır. Xatırladaq ki, 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən III “LiFFt” festivalında 27 ölkədən müəlliflər arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan bu il tədbirə Bakı ev sahibliyi edəcək. Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi  münasibətilə festivalın Təşkilat Komitəsi IV Bakı festivalının İmadəddin Nəsimiyə ithaf edilməsi barədə qərar qəbul edib.

Festivala 50-dən çox ölkədən yazarların qatılacağı gözlənilir. Həmçinin seçim turuna qatılmadan festivalda birbaşa iştirak edəcək məşhur müəlliflərin adları da elan olunub. Bunlar Kşiştof Zatravski (Polşa), Oljas Süleymenov (Qazaxıstan), Rikardo Seidl (Braziliya), Konstantin Kedrov-Çelışev (Rusiya), Martin Dinkov (Fransa), Aleksandr Aleksander (Almaniya), Nina Qeyde (Danimarka), Selim Azimoviç (ABŞ), İdo Netanyahu (İsrail), Massimo Madrisio (İtaliya), Viktor Klık (Avstriya), Tatyana Bonç-Osmolovskaya (Avstraliya), Aleksandr Ratkeviç (Belarus), Serhat Kabaklı (Türkiyə), Hadaa Sendao (Monqolustan), Akifumi Takeda (Yaponiya), Boris Qoldberq (Çexiya), Aron Qaal (Macarıstan), Danilo Jokanoviç (Serbiya), Valeri Kupka (Slovakiya), Olqa Svanberq (Finlandiya), Slobodan Vukanoviç (Monteneqro) və başqalarıdır.

Festivalın Azərbaycan üzrə spikerləri xalq yazıçıları Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Elmira Axundova, Afaq Məsud, Xalq şairi Ramiz Rövşən, akademik Nizami Cəfərov, kinodramaturq, Xalq artisti Ramiz Fətəliyev, Azərbaycan üzrə koordinatorları Nigar Həsənzadə, Günel Rzayeva və Əlibala Məhərrəmzadə olacaq.