“Forbes” jurnalı dünyanın ən çox qazanan musiqiçilərinin yeni siyahısını tərtib edib.

Jurnalın versiyasına görə, amerikalı musiqiçi Teylor Svift son bir ildə ən çox qazanan müğənnilər reytinqinə başçılıq edir. Bu müddətdə Svift 185 milyon dollar qazanıb. Bu məbləğin xeyli hissəsini ona “Reputation Stadium Tour” albomuna dəstək üçün təşkil olunan eyniadlı turne gətirib. Təkcə ABŞ-da konsertlərə bilet satışından rekord həcmdə - 266 milyon dollar vəsait toplanıb. Bundan başqa, müğənni “Republic Records” səsyazma studiyası ilə sərfəli müqavilə imzalayıb. Teylor Sviftin “Lover” albomunun satışından da xeyli gəlir əldə edəcəyi gözlənilir.

Siyahıda ikinci yeri 81 milyon dollar qazanan Beyons, üçüncü yeri isə illik gəliri 62 milyon dollar təşkil edən Rihanna tutur.

Növbəti yerlərdə Ketti Perri (57,5 milyon dollar), Pink (57 milyon dollar), Ariana Qrande (48 milyon dollar), Cennifer Lopes (43 milyon dollar), Ledi Qaqa (39,5 milyon dollar), Selin Dion (37,5 milyon dollar) və Şakira (35 milyon dollar) qərarlaşıb.

Ən çox pul qazanan 10 müğənni bir ildə ümumilikdə 645,5 milyon dollar əldə edib ki, bu da ötən illə müqayisədə 28,5 faiz çoxdur.

Qeyd edək ki, “Forbes” reytinq siyahısını ulduzların 2018-ci ilin iyunundan 2019-cu ilin iyununa qədər dövrdə qazancını nəzərə alaraq tərtib edib.

İLONA