Bakı payızı – caz havası
Oktyabrın 18-dən 27-dək ənənəvi Bakı Caz Festivalı keçiriləcək. On gün davam edəcək musiqi bayramı – avanqard, ənənəvi və etnik caz, ustad dərsləri, rəsm və fotosərgiləri, dünya kinosunun caz mahnılarına dair müzakirələr və əlbəttə, şəhərin müxtəlif musiqi məkanlarında möhtəşəm konsertlər deməkdir.
Bu il festival “Daha çox caz, daha çox intellekt” şüarı altında keçiriləcək. Konsert və tədbirlər bir neçə məkanda – “Landmark”, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, filarmoniyanın Kamera və orqan musiqisi zalında təşkil ediləcək.
Caz festivalının gözəçarpan məqamlarından biri də gecəyarısı “jam-session”dur. Bakı festivalı “Round Midnight” caz kompozisiyasına əsaslanan dünya festival ənənələrini dəstəkləyir. Bu cür təbii meydançalarda həm üslub, həm musiqi istiqamətlərinə görə kulturoloji cəhətdən bir-birinə tam diametral əkslər kəsişir. Bir qayda olaraq, caz musiqiçiləri, əvvəllər heç yerdə kollektiv vahid səs yazısında işlətmədikləri melodiyalar əsasında improvizasiya seansları keçirir və intellektual auditoriya üçün eksklüziv musiqi təqdim edirlər. Bu, istənilən səviyyəli musiqiçilər üçün imtahan sessiyası və hər şeydən öncə, Azərbaycan cazmenlərinin potensiallarını nümayiş etdirmələri üçün bir şansdır.
Əvvəlki illərdən fərqli olaraq, bu dəfə bütün musiqi həvəskarları və caz biliciləri üçün gecəyarısı keçirilən sessiyalara giriş sərbəst olacaq. Caz konsertləri üzrə ixtisaslaşan avstriyalı ekstra sinif səs mühəndisi təşrif buyuracaq. Əvvəlki festivalların səs yazısını qüsursuz qeydə almış avstriyalı ustadın səsləndirmə sistemi Avropa caz klubları səviyyəsində qurulmuşdu.
Daha cavan ifaçıları gənc istedadların beynəlxalq caz müsabiqəsində dinləmək mümkün olacaq.