Azərbaycan
3 sentyabr 1931 – Xalq rəssamı, professor Oqtay Yusif oğlu Şıxəliyev (1931 – 31.1.2012) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir. Tabloları Fransada, Almaniyada şəxsi kolleksiyalarda saxlanılır.
3 sentyabr 1951 – Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Məmmədsadıq oğlu Nuri (1951 – 22.11. 2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, kinoda (“Yol əhvalatı”, “Tənha narın nağılı”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Qətl günü”) yaddaqalan obrazlar yaradıb.
4 sentyabr 2003 – Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921 – 2003) vəfat edib. “Aləmdə səsim var mənim”, “Yad et məni”, “Bakı-1501” və s. romanların müəllifidir. “Azərbaycanın aşıq və şair qadınları” və s. kitabları tərtib edib.
5 sentyabr 1892 – Tanınmış tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892 – 26.3.1973) anadan olub. Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda kollektiv onun adını daşıyır) olub.
5 sentyabr 1935 – Xalq artisti, görkəmli aktyor Siyavuş Məmmədağa oğlu Aslan (1935 – 27.6.2013) anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”), kinoda (“Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “O dünyadan salam” və s.) maraqlı obrazlar yaradıb.
Dünya
3 sentyabr 1927 – Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı” və s.
4 sentyabr 973 – Orta əsr ensiklopediyaçı alimi, tarix, coğrafiya, ədəbiyyat, astronomiya, riyaziyyat üzrə əsərlərin müəllifi Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 973 - 11.12.1048) Xarəzm vilayətinin Kət şəhərində doğulub.
4 sentyabr 1768 – Fransa ədəbiyyatında romantizmin banilərindən biri Fransua Rene de Şatobrian (François-Rene de Chateaubriand; 1768-1848) anadan olub. “Xristianlığın üzrü”, “Rene və ya ehtirasların nəticəsi” və s. romanların müəllifidir.
4 sentyabr 1791 – Alman bəstəkarı Cakomo Meyerber (Yakob Mayer Ber; 1791-1864) anadan olub. Böyük həcmli operaların müəllifi kimi tanınıb: “Robert-şeytan”, “Quqenotlar” və s.
4 sentyabr 1904 – Fransız rejissoru Kristian Jak (Christian-Jaque (Maudet); 1904-1994) anadan olub. Filmləri: “Fanfan-zanbaq” (1952, Kann festivalının qalibi), “Qara zanbaq”, “Yaşıl saqqal”, “Babetta müharibəyə gedir” və s.
4 sentyabr 1913 – İtalyan rejissoru Renato Kastellani (Renato Castellani; 1913-1985) anadan olub. Filmləri: “Romeo və Cülyetta”, “Cüzeppe Verdi”, “Leonardo da Vinçinin həyatı” və s.
5 sentyabr 1568 – İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella; 1568-1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.
5 sentyabr 1817 – Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. Əsərləri: “Gümüş knyaz” romanı, “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” dramatik trilogiyası və s.
5 sentyabr 1912 – Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage; 1912-1992) anadan olub.
5 sentyabr 1946 – Əslən iranlı olan Britaniya rok müğənnisi, «Queen» qrupunun lideri Freddi Merkuri (Freddie Mercury – əsl adı Fərrux Balsara; 1946-1991) anadan olub.
6 sentyabr 1928 – Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.
6 sentyabr 2007 – Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 - 2007) vəfat edib.
Hazırladı: Vüqar ORXAN