Faşizm üzərində Qələbəyə həsr olunmuş sənədli filmin 26 ölkə üzrə nümayişi keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?” sənədli filminin mayın 4-də təqdimat mərasimi keçiriləcək. İlk nümayiş Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Heydər Əliyev Fondundan bildirilib ki, faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).
Film Azərbaycan xalqının faşizm üzərində Qələbənin əldə olunmasında rolundan, Bakı neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.
1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanında Azərbaycandan 700 min adam cəbhəyə yollanıb, onların yarısı döyüşlərdə həlak olub. Azərbaycan bu müharibədə təkcə insan resursları ilə iştirak etməyib. Bakı nefti qələbənin əldə edilməsində müstəsna rol oynayıb. Böyük Vətən müharibəsi illərində SSRİ-də hasil olunan neftin 72 faizini Bakı verib. Bu isə o deməkdir ki, döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si Bakı nefti ilə işləyirdi.
“2015-ci il mayın 9-da faşizm üzərində Qələbənin 70 illik yubileyi qeyd edilir. Bu Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır”, - deyə filmin baş prodüseri Arzu Əliyeva izləyicilərə müraciətində qeyd edir.
Arzu Əliyevanın sözlərinə görə, “Hədəf Bakıdır” sənədli filminin yaradılmasında əsas məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır: “Bu film, eyni zamanda, müharibənin ağrı-acısını yaşayan bütün insanların - ön cəbhədə döyüşənlərin, eləcə də arxa cəbhədə gərgin əməyi ilə böyük qələbəni yaxınlaşdıran insanların xatirəsinə dərin hörmət və ehtiramımızın təzahürüdür”.
Qeyd edək ki, filmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb.
“Clarke Costelle&Co” şirkətinin “Apokalipsis: II Dünya müharibəsi” filmini 171 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.
İstehsalı 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filmi çərçivəsində Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Rusiyada tədqiqatlar aparılıb, bu ölkələrin arxivlərindən 200 saatdan çox videomaterial, foto və digər sənədlər araşdırılıb.
Filmdə II Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından - neft uğrunda savaş prizmasından baxılır. Tamaşaçılar müharibənin ayrı-ayrı döyüş səhnələrinə dair bu günə kimi nümayiş etdirilməyən kinokadrları yeni təqdimatda - bərpa olunmuş rəngli formatda seyr edəcəklər.
Sənədli ekran əsəri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.
Heydər Əliyev Mərkəzindəki təqdimatdan sonra filmin 8-10 mayda “National Geographic” kanalı vasitəsilə 26 ölkə üzrə nümayişi keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar