“Salnaməfilm” kinostudiyası davamlı olaraq qəhrəmanlıq, milli irs nümunələrimiz, etnoqrafiya və s. mövzularda sənədli filmlərin çəkilişini həyata keçirir. Studiyanın yeni film layihələri ölkəmizdə yaşayan azsaylı xalqlar və etnik qruplarla bağlıdır.
Rejissor Nizami Abbasın yeni sənədli filmi Quba rayonunda yaşayan dağ yəhudilərinə həsr olunub. O, həm də ekran əsərinin ssenari müəllifidir.
Filmin prodüseri Nazim Hüseynov, operatoru Üzeyir Abbasdır.
Çəkilişlərlə bağlı məlumat verən rejissor bildirdi ki, indiyə kimi bu mövzuda çəkilən filmlərdən fərqli bir iş ərsəyə gətirmək niyyətindədir: “Azərbaycanda yaşayan hər bir xalqın, o cümlədən yəhudilərin bu ölkənin inkişafında rolu var. Qarabağ müharibəsində bizim əsgərlərlə çiyin-çiyinə vuruşan, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən yəhudi əsilli vətəndaşlarımız olub”.
Azsaylı xalqlardan bəhs edən digər bir film malakanlardan bəhs edir. “Salnaməfilm”dən bildirdilər ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal ediləcək “Malakanlar” filminin çəkilişlərinə yaxın günlərdə başlanılacaq. Filmin rejissoru Cəmil Fərəcovdur. Ekran işi canlı portret-obrazlar üzərində qurulacaq.
Malakanlar İsmayıllı rayonunun İvanovka, Gədəbəy rayonunun Novosaratovka kəndlərində yaşayırlar. Malakanlıq xristianlığın pravoslav qolunun sektalarından biri kimi XVIII əsrin ikinci yarısında Rusiyada yaranıb. Onlar kilsədə deyil, evlərdə ibadət mərasimləri təşkil edirdilər. Malakan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir.
***
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında lentə alınan daha bir film görkəmli yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadəyə həsr olunub.
Filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tahir Əliyev, operatoru Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.
Böyük ədibin 150 illik yubileyi münasibətilə çəkilən film rejissorun sənət taleyində fərqli rol oynayacaq. Tahir Əliyev bildirir ki, Mirzə Cəlilin personajlarını cəmiyyətimizdə tapıb filmə çəkmək fikrindədir. Filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvan şəhəri, Nehrəm kəndi də daxil olmaqla, Ağcabədi rayonunda, Gürcüstanın Tbilisi və Qori şəhərlərində lentə alınacaq. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulacaq.
***
Studiyada “Milli Qəhrəmanlar” silsiləsindən filmlərin çəkilişləri də davam edir. Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunmuş sənədli filmin ssenari müəllifi Ramil Ələkbərov, rejissoru Murad Muradovdur.
Ramil Ələkbərov qeyd etdi ki, filmin çəkilişləri artıq bitib və montaj prosesindədir. Yay müddətində hazırlanan film qəhrəmanın doğulduğu Sabirabadda və Bakıda lentə alınıb. Ekran əsərində M.Mirzəyevin valideynləri və döyüş dostlarının xatirələri yer alıb. Film yaxın günlərdə təhvil veriləcək. Filmin montaj rejissoru Emin Əfəndiyev, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.
Studiyadan o da bildirildi ki, Milli Qəhrəman Zakir Məcidov haqqında film çəkiləcək. Filmin ssenari müəllifi və rejissoru Elnaz Əblucdur. Çəkilişi nəzərdə tutulan daha bir film “Yaradanlar” adlanır. Ekran işinin ssenari müəllifləri Natiq Rəsulzadə və Elbay Qasımzadə, rejissoru Şamil Əliyevdir.
L.AZƏRİ