Təşkilat 2020-ci ildə ölkəmizdə çoxtərəfli elmi tədqiqat işlərinə başlayacaq
Qazaxıstanın paytaxtında səfərdə olan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ilə görüşüb.
Darxan Kıdırali rəhbərlik etdiyi akademiyanın fəaliyyəti, həyata keçirilən layihələr, gələcək planlar barədə məlumat verib. O, Beynəlxalq Türk Akademiyası tərəfindən “Türk ədəbiyyatı antologiyaları” seriyasından ilk olaraq “Azərbaycan ədəbiyyatı antologiyası”nın nəfis tərtibatla çap edildiyini diqqətə çatdırıb. Bildirilib ki, kitabda 20 müəllifin seçilmiş əsərləri yer alıb. Bununla yanaşı, İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri çərçivəsində mütəfəkkir şairin şeirləri ilk dəfə akademiya tərəfindən qazax dilinə tərcümə edilərək nəşr olunub.
Akademiyanın prezidenti təşkilatın 2020-ci ildə Azərbaycanda üç il davam edəcək çoxtərəfli tədqiqat işlərinə başlayacağını da bildirib. Beynəlxalq layihə arxeologiya, toponimiya və etnoqrafiya kimi sahələri əhatə edəcək. Darxan Kıdırali Beynəlxalq Türk Akademiyasının Monqolustandan Macarıstana qədər geniş bir coğrafiyada bu layihəni həyata keçirdiyini, Azərbaycanda və Qafqaz bölgəsində türk sivilizasiyası və mədəniyyətini araşdırmağın isə xüsusilə əhəmiyyətli olduğunu qeyd edib.
Həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin təlimatı əsasında akademiya tərəfindən çapa hazırlanan “Ortaq türk tarixi” dərsliyinin üzv ölkələrdə tədris proqramına salındığı, ortaq ədəbiyyat və ortaq coğrafiya dərslikləri ilə bağlı işlərin davam etdiyi vurğulanıb. Həyata keçirilən layihələrin ortaq tarix şüuru və düşüncəsinin formalaşdırılmasına xidmət etdiyi bildirilib.
Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qardaş xalqların birliyi yolunda ədəbi əlaqələri, şair və yazıçıların əməkdaşlıq bağlarını gücləndirməyin zəruri olduğunu deyib. Xalq yazıçısı bu baxımdan ziyalı təbəqənin üzərinə mühüm vəzifə düşdüyünü, bu səbəbdən akademiya ilə əməkdaşlıq üzərində xüsusi dayandıqlarını vurğulayıb.
Xalq yazıçısı Qazaxıstanın latın qrafikalı əlifbaya keçidinin xalqlarımızın yaxınlaşmasına müsbət təsirləri olacağına inamını ifadə edib.
Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.
Görüşün yekununda Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlığı möhkəmləndirmək barədə razılıq əldə edilib. Xalq yazıçısına akademiyanın Azərbaycanla bağlı nəşr etdirdiyi kitablar hədiyyə olunub.