Musiqi insanın qəlbini fəth edən ecazkar bir qüvvədir. Azərbaycanda musiqi vasitəsilə insanların qəlbinə yol tapan bir çox sənətkarımız olub. Qısa ömür yolunda öz duyğularını qatdığı ifaları ilə çoxsaylı dinləyici-tamaşaçı auditoriyası qazanmağa müvəffəq olan, gitaranı özünə həmdəm bilən Rüstəm Quliyev kimi. Bu il sevənləri 50 illiyik yubileyini onsuz qeyd etdilər...
Rüstəm Yelmar oğlu Quliyev 1969-cu il fevralın 4-də Xocalı rayonunun Kosalar inzibati ərazisinə daxil olan Cavadlar kəndində ziyalı ailəsində dünyaya göz açıb. Kosalar kənd orta məktəbini bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunun Elektromexanika fakültəsinə daxil olur. İxtisası ilə bağlı biliklərini zənginləşdirsə də, musiqinin sehrli cazibəsi onu hey özünə tərəf çəkirdi. Hətta ali təhsilini başa vurduqdan sonra bir müddət ixtisası üzrə işləsə də, gitara sevgisi onu ritm, ahəng dünyasına sarı aparırdı.
Musiqiyə həvəsi tələbəlik illərində qəfildən meydana çıxmamışdı. Hələ uşaq yaşlarından Rüstəm musiqi ilə həmdəm olmuşdu. Xüsusilə gitara çalğısını eşidəndə sanki ruhu pərvazlanırdı. Günlərin bir günü onu öz sehrinə salan bu aləti həmişəlik bağrına basacağını düşünürdü. Belə də olmuşdu. Orta məktəbin yuxarı siniflərində oxuyandan Kosalarda, musiqi beşiyi Şuşada və ətraf bölgələrdə tanınmağa başlamışdı. Tələbəlik illərində isə paytaxtın müxtəlif məkanlarında təsirli ifaları ilə insanların qəlbini oxşayırdı.
Qarabağın xoşbəxt günləri qaraya bürünəndə Azərbaycanın digər igid oğulları kimi Rüstəm Quliyev də əlində silah vətən uğrunda mübarizəyə qoşulur. Lakin mənfur düşmənin uzun illər öncədən qurduğu məkrli işğal planı, digər taleyi kəm elliləri kimi, onun da ailəsini doğma yurdundan didərgin salır. Rüstəm tələbəliyinin şəhərinə pənah gətirməli olur. Gitara bu çətin ruhi-mənəvi sarsıntı çağlarında, az da olsa, onun qəlb ağrılarının, yurd nisgilinin ovunmasında köməyinə çatır.
El şənliklərində mahir ifası ilə diqqəti cəlb edən Rüstəm Quliyev səsyazma studiyalarının da marağına səbəb olur. 1999-cu ildə ifalarından ibarət audiokasetləri işıq üzü görür. Bununla da yaxın-uzaq bölgələrdə sevilməyə başlayır. Ağır keçən cavanlıq dövrü, torpaq həsrəti bu ifaları daha təsirli, nisgilli və yanğılı edirdi. 2003-cü ildə videokaseti, 2004-2005-ci illərdə diskləri buraxılır. Dinləyici auditoriyası get-gedə genişlənirdi. Televiziya efirlərində rəngarəng ifaları ilə də musiqisevərlərin könlünü oxşayırdı.
Heç kimin, özünün belə gözləmədiyi, uğurları davamlı xarakter aldığı bir zamanda amansız xəstəlik musiqi duyumlu ruhunu, bədənini cənginə alır. Moskvada əməliyyat edilsə də, xəstəlik təslim olmaq istəmirdi...
2005-ci ilin 4 iyulunda yanğılı ifaları qəlblərə yol tapan, doğma yurd itkisini daşıya bilməyən sənətkar yaradıcılığının bar-bəhərli çağında gözlərini əbədi olaraq yumdu.
Rüstəm Quliyevin instrumental ifasında səslənən “Dilbərim”, “Leylican”, “Sən ellər gözəli”, “Yanıq Kərəmi”, “Neyçün gəlməz?”, “İnan mənə, sevgilim” və s. mahnılarının ürəklərə yol tapan melodiyaları, illər ötsə də, musiqisevərlərin yaddaşından silinməyəcək. Təsadüfi deyil ki, musiqiçinin vəfatından 14 il sonra, 50 illik yubileyi münasibətilə sənətsevər soydaşlarımızın təşəbbüsü ilə ifaları yazılmış daha bir disk Böyük Britaniyada işıq üzü görüb. Bu o deməkdir ki, Rüstəm Quliyevin ifaçılıq məharəti bundan sonra da yaşayacaq, yeni nəsil gitaraçılar onun sənətdə yandırdığı çırağın sönməsinə imkan verməyəcəklər. Ruhu şad olsun.
Nurəddin MƏMMƏDLİ