Bu il Azərbaycanın ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin (BDU) yaranmasının 100 ili tamam olur. Universitet 1 sentyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən təsis edilib.

Azərbaycan milli hökuməti yarandığı ilk günlərdən bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atılmış, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmişdi. Bu tədbirlərin içərisində müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universitetinin yaradılması xüsusi yer tutur. Müsəlman Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirən Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi tarixi hadisələrdən biri də BDU-nun yaradılması olub. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirib. Ölkənin maliyyə imkanlarının xeyli zəif, maddi-texniki bazanın qeyri-mövcudluğu, milli kadrların çatışmazlığı Bakıda universitetin yaradılmasını zəruri edirdi.

İslam Şərqində ilk Avropa tipli universiteti yaratmaq yolunda böyük maneələr olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçaylıq gərgin mübarizədən sonra 1919-cu il sentyabrın 1-də “Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi haqqında” qanun qəbul etdi. 1919-cu il sentyabrın 29-da isə parlament tərəfindən BDU-nun idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən 5 fəsil, 72 maddədən ibarət nizamnamə qəbul olundu. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə ilk dərs günü elan edildi.

Universitet ilk tədris ilini 2 fakültə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. BDU-nun ilk rektoru Kazan Universitetinin professoru, cərrah V.İ.Razumovski olub.

Bu gün 100 yaşlı Bakı Dövlət Universiteti ölkəmizin ali təhsil ocaqlarından ilki kimi elmin və təhsilin inkişafında böyük xidmətlər göstərir. XX əsrin əvvəllərindən başlayaraq BDU Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşməsində mühüm rol oynayır.

Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli sərəncam imzalayıb. Sərəncamda universitetin yubileyinin keçirilməsi ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Nazirlər Kabinetinin 2018-ci il 21 may tarixli qərarı ilə yubileyin tədbirlər planı təsdiq edilib.

Onu da qeyd edək ki, ölkəmizin təşəbbüsü ilə BDU-nun 100 illiyi UNESCO-nun  2018-2019-cu illər üzrə yubileylər siyahısına daxil edilib və bu təşkilat səviyyəsində də qeyd ediləcək.

***

100 yaşlı Bakı Dövlət Universiteti böyük inkişaf yolu keçib. Elm və təhsilimizdə bu universitetin xidmətləri əvəzsizdir.

Bu fikirləri BDU-nun rektoru Elçin Babayev jurnalistlərə müsahibəsində deyib. Rektor qeyd edib ki, 1919-cu ildə Cümhuriyyətin xalqımıza bəxş etdiyi universitet yarandığı gündən millətin qürur mənbəyinə çevrilib.

Universitetin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının sərəncamının əhəmiyyətindən danışan E.Babayev BDU-da elmin, təhsilin inkişafı, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində səmərəli layihələrin reallaşdırıldığını, təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndirildiyini diqqətə çatdırıb.