Azərbaycan

7 sentyabr 1914 – Tanınmış teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 – 19.9.1973) anadan olub. Mədəniyyət nazirinin müavini işləyib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.

7 sentyabr 1939 – Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib.

 

8 sentyabr 1903 – Əməkdar artist Dadaş Kamil oğlu Şaraplı (Məmmədov; 1903-1959) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktyoru olub.

8 sentyabr 1949 – Əməkdar incəsənət xadimi Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (1949 – 9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət, Akademik Milli Dram teatrlarında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb. “Üzeyir ömrü” filmində çəkilib.

 

9 sentyabr 1937 – Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937 – 13.6.2009) anadan olub. Səməd Vurğunun ev-muzeyinin baş mühafizi və direktoru (2006-2009) işləyib.

9 sentyabr 1939 – Xalq artisti İrina Aleksandrovna Perlova (1939 – 14.9.2010) anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib.

 

10 sentyabr 1901 – Əməkdar artist, vokalçı Qulam Məşədi Kazım oğlu İsgəndərov (1901-1975)  Şamaxıda doğulub. Opera və Balet Teatrında çalışıb.

10 sentyabr 1917 – Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917 – 24.11.1994) Ordubadda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından biri olub.

10 sentyabr 1931 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (1931 – 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.

 

Dünya

 

7 sentyabr 1726 – Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.

7 sentyabr 1870 – Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870-1938) anadan olub. “Molox”, “Sulamif”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta”, “Qranat qolbağı” və s. roman-povestlərin müəllifidir. 1919-1937-ci illərdə mühacirətdə (Paris) yaşayıb, Rusiyaya qayıdaraq orada vəfat edib.

7 sentyabr 1909 – Yunan mənşəli Amerika rejissoru Elia Kazan (Elia Kasancoğlu; 1909-2003) İstanbulda anadan olub. İki dəfə “Oskar» laureatıdır: “Centlmen razılaşması” (1947) və “Limanda” (1954).

 

8 sentyabr 1830 – Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral, 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.

8 sentyabr 1841 – Görkəmli çex bəstəkarı Antonin Dvorjak (Antonin Leopold Dvorak; 1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida” və s.), 9 simfoniya, 5 simfonik poema və başqa əsərlərin müəllifidir.

8 sentyabr 1923 – Dağıstanın Xalq şairi Rəsul Həmzətov (1923 - 3.11.2003) Xunzay rayonunun Tsada kəndində anadan olub. Milliyətcə avardır. Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. Şeirlərinə populyar mahnılar bəstələnib. Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatına layiq görülüb.

 

9 sentyabr 1583 – İtalyan bəstəkarı, fuqa musiqi alətinin yaradıcılarından biri Cirolamo Freskobaldi (Girolamo Frescobaldi; 1583-1643) anadan olub.

9 sentyabr 1769 – Ukrayna ədəbiyyatının banilərindən biri, şair və yazıçı İvan Kotlyarovski (1769-1838) anadan olub. Əsərləri: “Üzü köçürülmüş Eneida”, “Natalka Poltavka” və s.

9 sentyabr 1828 – Böyük rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 – 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Zülmətin hakimiyyəti”, “Canlı meyit” (pyeslər) və s.

9 sentyabr 1908 – İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese; 1908-1950) anadan olub. “Yoldaş”, “Xoruz banlamayınca”, “Gözəl yay”, “Ay və tonqallar” və s. romanların müəllifidir.

 

10 sentyabr 1839 – Amerika filosofu, praqmatizm və semiotikanın banilərindən biri Çarlz Sanders Pirs (Charles Sanders Peirce; 1839-1914) anadan olub.

10 sentyabr 1872 – Rus yazıçısı, etnoqraf, səyyah, Uzaq Şərqin tədqiqatçısı Vladimir Arsenyev (1872-1930) anadan olub. Əsərləri: “Dersu Uzala”, “Tayqanın ortasında”, “Vulkanın kraterində” və s.

10 sentyabr 1912 – Məşhur Danimarka karikaturaçısı Herluf Bidstrup (Herluf Bidstrup; 1912-1988) anadan olub.

10 sentyabr 1914 – Amerika kinorejissoru Robert Vayz (Robert Wise; 1914-2005) anadan olub. İki dəfə «Oskar» laureatıdır: “Vestsayd əhvalatı”, “Musiqi səsləri”.

10 sentyabr 1934 – Türk mənşəli (Krım tatarı) Ukrayna bəstəkarı Alemdar Karamanov (1934-2007) anadan olub. Əsərləri: “Ay dənizi” simfoniyası, “Məhəbbətdən güclü” baleti və s.

Hazırladı:  Vüqar ORXAN