və ya kinokamera obyektivindən “qara qızıl” necə görünür?
Neftçi dedikdə, neft sənayesi ifadəsini işlətdikdə ilk olaraq, kimyaçıların dili ilə desək, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürəkkəb qarışığından ibarət spesifik qoxuya malik yanar mayeni yerin və dənizin təkindən çıxaran peşənin sahibi adamın gözləri qarşısına gəlir. Halbuki, neftlə bağlı onlarla peşə sahibinin və ixtisasın adını çəkmək olar. Yəni nefti hansı ərazidə, hansı süxur təbəqəsində axtarmaq, tapılan neft yatağının potensialını kimyəvi göstəricilər və riyazi hesablamalar əsasında müəyyən etməkdən ta neftdən alınan ən müxtəlif məhsulların icadına və istehsalınadək xeyli sənət sahibi – ümumiləşdirərək neftçi deyə biləcəyimiz ixtisaslı kadr var.
Bununla belə, bizim üçün ən önəmli, təxəyyülümüzdə ilk canlanan kəs – qazmaçı, sənəti böyük hərflə yazılan NEFTÇİdir. Biz isə bu yazımızda Azərbaycan kinosunda bu çətin və şərəfli sənətə aid filmlərdən, həmin filmlərdəki qazmaçı obrazlarından danışmaqla ölkəmizdə neft-qaz sənayesində qazma işlərinin tarixinə kinokameranın obyektivindən nəzər salacağıq.
Kino tariximizin təməlindəki neft mövzusu
Maraqlıdır ki, milli kinomuzun tarixi məhz neft mövzusu ilə başlayır. “Bibiheybətdə neft fontanı yanğını” adlı qısametrajlı sənədli xronika Azərbaycan kinematoqrafının qaranquşu sayılır. Cəmi 49 saniyə davam edən bu lent 1898-ci ildə Aleksandr Mişon tərəfindən lentə alınıb. Cənab Mişonun həmin il lentə aldığı digər qısametrajlı film isə “Balaxanıda neft fontanı” adlanır. 43 saniyəlik bu kinoxronika film A.Mişonun Bakıda çəkdiyi digər lentlərlə bərabər 1900-cü ildə Parisdə Dünya sərgisində nümayiş olunmuşdu. Dünya kinosunun təməlçisi Lümyer qardaşları bu lentləri çox bəyəndiklərindən, onları öz kolleksiyaları üçün almışdılar. 2011-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Paris kino arxivində saxlanılan hər iki qısametrajlı lentin nüsxəsi çıxarılaraq ölkəmizə gətirilib və qurumun saxlancında qorunur.
Daha bir maraqlı məqam. Uzun illər Azərbaycan kinosunun tarixi 1916-cı ildən, ilk tammetrajlı bədii filmin ekranlara çıxdığı gündən hesablanıb. Bu, yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmış “Neft və milyonlar səltənətində” filmi idi. Qafqazda belçikalı Piron qardaşlarının yaratdığı “Filma” səhmdar cəmiyyəti bu filmi Bakı neftxudalarının vəsaitilə çəkmişdi. Bir quyunun fontan vurması ilə kasıblığın daşını atıb milyonçuya çevrilən, neft gəlirinin hesabına ağ günə çıxaraq sonradan müflisləşənlərin ümumiləşdirilmiş obrazı olan Cəlilin əvvəlcə insan, daha sonra sahibkar kimi süqutundan bəhs edən əsəri ekranlaşdıran rejissor Boris Svetlov və operator Qriqori Lemberq filmdə sənədli kadrlardan da istifadə etmişdilər. Belə ki, filmin çəkilişləri aparılan günlərdə neft mədənində fontan üzündən yanğın baş verir. Həmin hadisənin şahidi olmuş mərdəkanlı neftçi M.Ağayev yanğın və filmlə bağlı öz xatirələrini bizim ilk kino tədqiqatçılarından olan Nazim Sadıxovla bölüşübmüş. 21 may 2015-ci il tarixli “Kaspi” qəzetində dərc olunmuş “Neft və milyonlar səltənətində” 100” başlıqlı yazının müəllifi Aydın Kazımzadə həmin xatirəni oxucularla paylaşır: “... hiss etmişdim ki, yanğın bizim mədəndədir. Yanğın yerinə çatdım... Yanğın doğrudan da böyük idi. İşə girişdim. Mədəndə kənar adamlar çox idi. Hamı yanğını söndürməyə səy edirdi. Yanğınsöndürən arabalar bir-birini əvəz edir, adamlar torpaq dolu kisələri çox da enli olmayan taxtalar üzərindən keçirərək aparıb yanan buruğun üstünə atırdılar. Alov ətrafı yalayırdı... İsti adamın üzünə, boynuna vururdu. Kənarda bir qrup aparatla şəkil çəkirdi. Mən belə şəkilçəkən aparatı birinci dəfə görürdüm... Yanğın söndürüləndən sonra yoldaşlardan öyrəndim ki, həmin aparatla kino çəkirlərmiş. Sonra elanlardan birində oxudum ki, “Neft və milyonlar səltənətində” filmi nümayiş etdirilir. Mən bu filmə Parapet bağının yanında Azadov və İsgəndərovun evlərinin birinci mərtəbəsində yerləşən kino zalında tamaşa etdim. Yadımdadır, kino başlanmamışdan ekranın qabağında tarzən Bala Məlikov tar çalırdı, xanəndə Ələsgər də oxuyurdu. Film başlandı: şəhərin küçələri, tanış hadisələr, adamlar – hər şey çox maraqlı idi. Binəqədidəki yanğın və yanğınsöndürənlər də kinoya düşmüşdülər. Orada mən özümü də gördüm... Taxta körpü ilə boynumu istidən qoruyaraq gedirdim”.
Neft mövzusu o qədər cəlbedici idi ki, “Neft və milyonlar səltənətində” filminin nümayişi ilə bağlı qəzetlərdə gedən anonslarda “mədənlərdə vaqe olmuş böyük yanğın dəxi göstəriləcəkdir” sayaq cümlələr də varmış.
Neft hasilatının ekran təcəssümü
Sovetləşmə illərində də neft mövzusu, neftçi obrazı Azərbaycan kinematoqrafı üçün ən vacib mövzu və qəhrəman olaraq qalırdı. Təbii ki, bu seçimin içindəki ideoloji amil çox güclü idi. Hələ V.İ.Leninin sovet Rusiyasının ilk maarif (o zaman mədəniyyət sahəsi Xalq Maarif Komissarlığının tabeliyində idi) xalq komissarı Anatoli Vasilyeviç Lunaçarski ilə söhbətində işlətdiyi “Kino bizim üçün bütün incəsənət sahələrindən ən vacibidir” cümləsi sonradan dövrün hikmətli kəlamı kimi ölkənin bütün kinoteatrlarında iri ekranın böyründə şüar kimi yazılmışdı. Vladimir İliçin “Kommunizm ideyalarını yayan və sovet həqiqətini əks etdirən yeni filmlərin istehsalına başlamaq lazımdır” öyüdü və “Kinonu qutulara yığıb hər yerdə göstərmək asandır” göstərişi də ondan sonrakı bütün sovet rəhbərlərinin qulağında sırğa idi. Düzdür, uzun illər bolşevik-kommunist ideyalarını geniş təbliğ edən filmlərlə yanaşı, ideoloji məqam gözlənilməklə də çox maraqlı, sənətkarlıq cəhətdən üstün ekran əsərləri yaranırdı.
Neft mədənlərində çalışan işçilərin həyatından bəhs edən ilk bədii film 1929-cu ildə ekranlara çıxmış “Vulkan üzərində ev” filmidir. Müasir fəhlə qəsəbəsində yaşayan qocaman qazma ustası Həsən oğulluğu Abbasa sahibkar mədənində işlədiyi yaxın keçmişdən, mədənin böyründəcə qaz qaynayan torpaq sahəsində fəhlələr üçün ev tikən sahibkarın onlara verdiyi zülmdən danışır. Nə qədər patetik və inqilabdan əvvəlki dövrü hər cəhdlə pisləmək meyli aşkar hiss olunsa da, filmdə maraqlı kadrlar çoxdur. Məsələn, quruluşçu operator Aleksandr Qalperin buruğun başına dırmaşaraq, cihazı sazlayan fəhlənin neft gölməçəsinə düşən kölgəsi, yağışın çürütdüyü, neftin sürüşkən etdiyi nərdivan pilləsindən sürüşən fəhlənin gözlərindəki ani qorxunu ustalıqla təsvir edir.
1970-ci illərdə Azərbaycan kinematoqrafı iyirminci illərin Bakı neft mədənləri mövzusuna daha iki dəfə qayıtdı. 1973-cü ildə çəkilmiş “Ömrün ilk saatı” (rejissor Arif Babayev) filmindəki hadisələr ömrünü neft sahəsində çalışmağa həsr etmiş üç nəslin kişiləri haqqındadır. Baba Mehdini (Həsənağa Turabov) neft sənayesinin inkişafı, ata Yusifi (Şahmar Ələkbərov) dənizdə neft hasilatının artırılması, nəvə Azəri (Rasim Balayev) neft hasilatının ekoloji problem yaratması düşündürsə də, amal birdir – həyat və əmək ənənələrinə sədaqət. Filmdə hadisələr 20-ci illərdə, Vətən müharibəsindən sonra və yetmişinci illərdə cərəyan edir.
1977-ci ildə Eldar Quliyevin lentə aldığı “Sevinc buxtası” filmi 1920-ci ildə sovet hakimiyyətinin yenicə qurulduğu Azərbaycanda gerçək qəhrəman mühəndis Potyomkinin dənizin dibindən neft çıxarmaq ideyasının gerçəkləşməsindən bəhs edir. Bibiheybətdə ilk dəniz neft mədəni salınarkən yaşanan hadisələr təmkinli təsvir, ideoloji şişirtməsiz təsvir edilir.
***
“Vulkan üzərində ev”dən “Qara gölün cəngavərləri”nə qədər Azərbaycanda neft mövzusunda, yaxud neft mövzusunun süjetin əsas xətti ilə yanaşı keçdiyi xeyli film istehsal olunub. Gənc və yaşlı neftçi nəslinin qarşıdurmasından bəhs edən “Yeni horizont” (1940), ilk çoxseriyalı bədii televiziya filmimiz – “Vulkana doğru” (1977) da bu mövzudadır. “Qara daşlar” (1956), “İnsan məskən salır” (1967), “Möcüzələr adası” (1963) filmləri Xəzərdə neftin çıxarılması və Neft Daşlarının yaranmasına, ilk dəniz neftçilərinin fədakar əməyinə, onların qarşılaşdığı maneələri necə aşmalarına həsr olunub.
Kinoda qazmaçı obrazları
“Bəxtiyar” filminin (1955) baş qəhrəmanı Bəxtiyar Muradov qazmaçı peşəsini müğənniliyə, Neft Daşlarını da səhnəyə dəyişməsəydi, yenə də bu film dəniz neftçiləri haqqında ən pozitiv və nəğməli film kimi kino tarixinə düşərdi və baş qəhrəmanın adı ilə tanınardı. Filmdəki kiçik bir ştrix - yalançı neftçi kimi təqdim edilən akrobat cütlüyün “Ən son qazdığınız quyunun dərinliyi nə qədərdir?” sualına cavabı kimi zarafat, eləcə də əsl neftçi Bəxtiyar Muradovun telefonla verdiyi “Neft çıxdı. Qiyamətdir! Əla neftdir! Şokolad kimi!.. “ musiqili raportu bu filmdən dillərə düşən digər ifadələrsiz də, istənilən melodramın, müziklin bəzəyi ola bilər!
Qazmaçı obrazına gəlincə, hələ 1950-ci ildə açıq dənizdə qazma üsullarının ilk sınaqlarına həsr olunmuş “Bakının işıqları” filmində görkəmli aktyor, xarakterik rollar ustası, SSRİ Xalq artisti Mirzəağa Əliyevin yaratdığı Usta Əlibala obrazı sənətini canından çox sevən, bildiyini əsirgəməyən ustadır. Maraqlıdır ki, belə bir obraz “Neft və milyonlar səltənəti” povesti əsasında ikinci dəfə - 1980-ci ildə çəkilmiş “Qızıl uçurum” filmində də var: Usta Bağır. Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabovun ustalıqla yaratdığı Bağır kişi yerin süxurlarına olan sövq-təbii bələdliyi, bu üzdən böyük imkan və pul sahibi olan neftxudalardan çəkinməzliyi ilə seçilən, öz dövrünün ən sanballı ixtisas sahibi kimi sözükeçən ustaların ümumiləşdirilmiş obrazı kimi qavranılır.
P.S. əvəzi
Təəssüf ki, son illər kinonun dirçəldiyi, serial, çoxsaylı qısa və tammetrajlı filmlərin çəkildiyi ölkəmizdə ekran qəhrəmanları arasında neftçilərimizi, onların əmək və yaşam mücadiləsini görmürük. Sənədli filmlər ardıcıllıqla lentə alınsa da, bədii obrazlar yox dərəcəsindədir. Düzdür, bu gün neftçilərin həyatından, işindən müasir kino tələblərinə cavab verəcək film çəkmək xeyli maliyyə tələb edir. Amma unutmayaq, bizim milli kinematoqrafın ilk bədii filmi də neft sahibkarlarının vəsaitinə çəkilmişdi.
Bəlkə bir də sınayaq?
Gülcahan MİRMƏMMƏD
Yazı “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur