Ön sıralarda Skandinaviyanın iki ölkəsidir

Finlandiya 2019-cu ildə vəhşi təbiət üzrə “Qlobal Səyahətlər İndeksi”ndə ən yaxşı səyahət istiqaməti adlandırılıb. Bu məlumatı Britaniyanın “True Luxury Travel” agentliyi yayıb.

“Qlobal Səyahətlər İndeksi”nə görə, Finlandiya bu sahədə 100-dən çox digər namizədi qabaqlayıb. Bildirilir ki, ölkə özünün ekoloji dayanıqlılığının yüksək səviyyəsinə, unikal növ müxtəlifliyinə, gözəl təbiət landşaftlarına və canlı təbiətin qorunub saxlanılmasına görə seçilib.

Agentlikdən deyiblər: “Bu nəticələr son ildə Finlandiyada turizmin səviyyəsinin sürətlə artması ilə də bağlı olub. İndeksə görə, Finlandiyanın bu mövqeni əldə etməsinə ölkə ərazisinin 73 faizindən çoxunun meşələrlə örtülməsi kömək edib”.

Qeyd edək ki, Skandinaviya yarımadasının daha bir ölkəsi – Finlandiyanın qərb qonşusu İsveç həmin indeksdə ikinci yeri tutub.

Siyahıda növbəti yerlərdə Braziliya, Kanada və ABŞ gəlir. 6-10-cu yerləri Norveç, İspaniya, Almaniya, Polşa və Sloveniya tutub.

İLONA