Şimali Koreyanın paytaxtı Pxenyanda piramida şəklində 304 metr hündürlüyə malik və 3 min otağı olan nəhəng hotel 30 ilə yaxındır boş qalıb.

1987-ci ildə təməli qoyulan piramida-raket şəkilli tikilinin – “The Ryugyong Hotel”in (Koreya dilində “Söyüdlü paytaxt”) inşası iki ilə başa çatdırılmalı idi. Bir qədər uzanan tikinti 1992-ci ildə başa çatsa da, “The Ryugyong Hotel”də tamamlama işləri o vaxtdan yarımçıq qalıb. Bina şəhərin mərkəzində tənha və nəhəng “raket-abidə”ni xatırladır və dünyanın boş qalan ən nəhəng hotelidir.

Xalq arasında binaya “Tale hoteli” adı verilib. Onun Pxenyana tək faydası isə gecə vaxtı rəngli işıqlandırmanın şüşə-metal konstruksiyalı binaya verdiyi gözəllikdir.

“The Ryugyong Hotel” “soyuq müharibə” dövründə ABŞ-ın dəstəklədiyi Cənubi Koreya ilə SSRİ-nin himayə etdiyi Şimali Koreya arasında rəqabətin məhsuludur. Onun təməlinin qoyulmasından bir il əvvəl Cənubi Koreya firması Sinqapurda dünyanın ən hündür “Westin Stamford” hotelinin tikintisini başa çatdırmışdı. Bina  Seulda 1988-ci il Qış Olimpiya Oyunlarına hazırlıq çərçivəsində istifadəyə verilmişdi.

Bu uğurlara cavab vermək istəyən Pxenyan isə 1989-cu ildə Olimpiya Oyunlarının sosialist versiyası olan Dünya Gənclər və Tələbələr Festivalını keçirmək ideyasını irəli sürdü. Bu məqsədlə həmin ilədək nəhəng hotelin tikilməsi nəzərdə tutulmuşdu. Festivalın keçirilməsinə və hotelin tikintisinə milyardlarla dollar xərcləyən hökumət bu çərçivədə yeni stadion tikib, Pxenyan aeroportunu modernləşdirib və yollar salıb. Lakin Şimali Koreyaya böyük məbləğdə maliyyə yardımı göstərən Sovet İttifaqının süqutu ərəfəsində Pxenyan da çətin vəziyyətə düşüb. Dərin iqtisadi böhran səbəbindən 1992-ci ildə “The Ryugyong Hotel”in tikintisində tamamlama işləri dayandırılıb.

2012-ci ildə Almaniyanın lüks hotellər qrupu “Kempinski” bəyan etmişdi ki, “The Ryugyong Hotel”i rekonstruksiya edərək istifadəyə vermək istəyir. Lakin bir neçə ay sonra alman şirkəti Şimali Koreyada bazara girməyin imkansız olması səbəbindən bu niyyətdən daşınıb.

2018-ci ildə “The Ryugyong Hotel” ikinci həyatını yaşamaq şansı qazanıb. Onun fasadında quraşdırılan rəngli işıq sistemi Pxenyanın mərkəzinə xüsusi gözəllik verir. Binanın zirvəsində isə Şimali Koreyanın dövlət bayrağının təsviri var.

İndi bütün paytaxt əhalisi və arxitektorları bir sual maraqlandırır: “The Ryugyong Hotel”i haçansa istifadəyə vermək mümkün olacaqmı?