Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın dövlət müstəqilliyinin 28-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.
Qonaqlar AMM-in foyesində Daşkənd Dövlət Pedaqoji Universitetinin (DDPU) Rəssamlıq fakültəsinin tələbələri tərəfindən çəkilmiş və “İstiqlaliyyətin 28-ci ili mübarək, Özbəkistan” adlı sərgi ilə tanış olublar.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb, Azərbaycan-Özbəkistan dostluğuna, habelə Özbəkistanın əldə etdiyi nailiyyətlərə dair videoçarx nümayiş olunub.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayram münasibətilə özbək xalqını təbrik edib, ölkələrimiz arasındakı əlaqələrin milli-mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olduğunu qeyd edib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Özbəkistanın dövlət müstəqilliyinin Azərbaycan Mədəniyyət Mərkəzində qeyd olunmasının xüsusi önəm kəsb etdiyini, bunun bir daha dostluğumuzun, qardaşlığımızın göstəricisi olduğunu deyib.
DDPU-nin tələbələri şeirlər söyləyiblər.
Daha sonra AMM-in rəqs ansamblı milli rəqslərimizi, Özbəkistanın dünya şöhrətli “Özbək gəncləri” musiqi ansamblı isə hər iki xalqın rəqs və musiqilərini ifa edib.