Bakıda müasir incəsənət festivalı keçiriləcək

Sentyabrın 17-dən 27-dək Bakıda “Qız qalası. Qadın olmaq” (“Maiden Tower. To Be a Woman”) adlı müasir incəsənət festivalı keçiriləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin üzv dövlətlərin səfirlikləri və yerli tərəfdaşları ilə birlikdə təşkil etdiyi festival paytaxtla yanaşı regionları da əhatə edəcək.

Müasir incəsənət festivalının mövzusu Azərbaycan qadınlarının təməl hüquq və azadlarının, o cümlədən seçki hüququnun 100 illiyi ilə əlaqəlidir. Layihə ölkəmizdə, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir. Proqrama müxtəlif səpkidə müasir incəsənət kontekstində beynəlxalq sərgi, pablik art, video art, poeziya gecəsi, tematik film nümayişləri daxildir.

Festivala Avstriya, Almaniya, Hollandiya, İsveç, İsveçrə, Macarıstan kimi AB-yə üzv ölkələr, eyni zamanda Gürcüstan, Moldova, Ukrayna kimi “Şərq tərəfdaşlığı”na üzv ölkələr və İran, İsrail, Türkiyə kimi qeyri-üzv ölkələrdən sənət xadimləri, muzey sahəsində çalışanlar, kurator və rəssamlar qatılacaq.

Festivalın beynəlxalq və yerli iştirakçıları, dövlət strukturları və institutlar gender bərabərliyi mövzusunda öz şəxsi və professional təcrübələrinə əsaslanaraq müzakirələr və fikir mübadiləsi aparacaqlar.

“Qız qalası. Qadın olmaq” festivalının təşkilatçı və iştirakçılarının ortaq məqsədi müasir incəsənət prizmasından gender bərabərliyi məsələlərinin inkişafına dair fikir və düşüncələrini əks etdirir, eləcə də dünya ictimaiyyətində qadınların güclənməsinin vacibliyi və bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır.

Layihə Əməkdar rəssam Sabina Şıxlinskayanın ilkin təşəbbüs və kuratorluğu altında keçirilir. “Qız qalası. Qadın olmaq” beynəlxalq festivalı Bakıda yerləşən diplomatik nümayəndəliklərlə yanaşı, Azərbaycanın sənət və mədəniyyət aləminin müvafiq qurumları və dövlət strukturları, eləcə də digər təşkilatların birgə tərəfdaşlığı altında gerçəkləşəcək.

Bu tədbir “İMAGINE-Avro Tolerantlıq” festivalı və “Fantaziya” Mədəni İrs festivalından sonra ölkəmizdəki Avropa Birliyinin nümayəndəliyi tərəfindən maliyyələşdirilən və Avropa dəyərlərini və prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır. Qeyd edək ki, Avropa Birliyinin sponsorluğu ilə növbəti “Fantaziya” festivalı noyabrın 1-dən 15-dək keçiriləcək.

LALƏ