Beynəlxalq Muğam Mərkəzi (BMM) milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir. Yeni mövsümdə BMM-də “Muğam axşamları”, “Unudulmayanlar”, “Dəyirmi masa”, “Dastan gecələri” və digər layihələrlə bərabər musiqinin müxtəlif janrlarını əhatə edən konsert proqramları da təqdim ediləcək.

“Muğam axşamları” layihəsi çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilir. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi tanınmış xanəndələrin ifasında 7 əsas muğamımız təqdim edilib.

“Unudulmayanlar” layihəsinin məqsədi milli musiqi tarixində müstəsna rol oynamış görkəmli mədəniyyət xadimlərinin, bəstəkarların, klassik musiqi tariximiz və muğam ifaçılarının həyat və yaradıcılığını təqdim etməkdir. İndiyədək layihə çərçivəsində xalq artistləri – unudulmaz ifaçılar Həqiqət Rzayeva, Bülbül, Sara Qədimova və digər sənətkarlara həsr edilmiş gecələr təşkil edilib.

Yeni mövsümün ilk “Unudulmayanlar”ı 24 sentyabrda təqdim olunacaq. Tədbirdə XIX əsrin sonu - XX əsrin əvvəlində xanəndəlik fəaliyyəti göstərmiş, daha sonra neft sahibkarı olmuş Seyid Mirbabayevin xatirəsi yad ediləcək.  Yeni mövsümün ilk konsertlərindən biri XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində 18 sentyabr tarixində (muğamlarımızdan ibarət ədəbi-bədii gecə) keçiriləcək. Sentyabrın 19-da isə festival çərçivəsində “Rast” dünyası adlı konsert proqramı təqdim olunacaq.

25 sentyabrda daha bir konsert özünəməxsusluğu ilə seçiləcək. Xalq artisti, tanınmış pianoçu Murad Hüseynov və məşhur violonçel ifaçısı Veliçka Yoçevanın təqdim edəcəkləri birgə proqram festivalın gündəliyinə rəngarənglik bəxş edəcək.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi” , “Etnik musiqi inciləri”, “Sirlər xəzinəsi”, “Qəzəllər” kimi layihələri də davam etdirməkdədir.

LALƏ