Azərbaycan
11 sentyabr 1913 – Tanınmış kinorejissor və operator, Xalq artisti Muxtar Dadaşov (1913 - 7.5.1998) anadan olub. Bir sıra sənədli və bədii filmlərin operatoru olub. Quruluş verdiyi filmləri: “Arşın mal alan” (1965, Tofiq Tağızadə ilə birgə), «Qanun naminə», «Bakıda küləklər əsir» və s.
12 sentyabr 1887 – Görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli (1887 – 3.1.1943) Şuşada doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, Rusiyanın Nijni Novqorod vilayətində həbs düşərgəsində vəfat edib. “İki od arasında” (“Qan içində”) tarixi romanının, “Qızlar bulağı”, “Bir cavanın dəftəri” və s. əsərlərin müəllifidir.
12 sentyabr 1921 – Şair, dramaturq Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov; 1921 – 19.10.1995) anadan olub. C.Bаyronun şeirlərini, B.Brехtin “Kurаj аnа və onun uşаqlаrı” pyesini Azərbaycan dilinə çevirib.
13 sentyabr 1893 – Əməkdar artist, opera müğənnisi Əli Əbdül oğlu Zülalov (1893-1963) Şuşada anadan olub.
13 sentyabr 1933 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik, Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikov (1933 – 9.5.2019) Bakıda anadan olub. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operettası, “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, 8 simfoniya və s. əsərlərin müəllifidir. Filmlərə (“Sehrli xalat”, “Axırıncı aşırım”), tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru olub.
13 sentyabr 1969 – Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 – 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub.
Dünya
11 sentyabr 1524 – Fransız şairi Pyer de Ronsar (Pierre de Ronsard; 1524-1585) anadan olub. Əsərləri: “Odalar”, “Himnlər” və s.
11 sentyabr 1862 – Amerika yazıçısı, novella janrının ustası O` Henri (William Sydney Porter; 1862-1910) anadan olub. Əsərləri: “Dörd milyon”, “Yanan lampa”, “Taleyin yolları” hekayələr toplusu, “Krallar və kələm” romanı və s.
11 sentyabr 1865 – Latviya şairi və dramaturqu Yan Raynis (əsl soyadı Pliekşans; 1865-1929) anadan olub. Kitabları: “Tufan səpini”, “Son və başlanğıc”, “Evə”.
11 sentyabr 1894 – Ukrayna kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Dovjenko (1894-1956) anadan olub. Filmləri: “Arsenal”, “Torpaq”, “Aeroqrad” və s.
11 sentyabr 1885 – İngilis yazıçısı David Herbert Lourens (David Herbert Lawrence; 1885-1930) anadan olub. Psixoloji romanları ilə məşhurlaşıb: “Göyqurşağı”, “Vurğun qadınlar”, “İtkin qız”, “Ledi Çatterleyin məşuqu”.
11 sentyabr 1903 – Alman filosofu və musiqişünası Teodor Adorno (Theodor Ludwig Wiesengrund-Adorno; 1903-1969) anadan olub.
11 sentyabr 1914 – Görkəmli türk maarifçisi, naşir və mütəfəkkir İsmayıl Qaspıralı (Gasprinski; 8.3.1851 – 1914) vəfat edib. Türk dünyasının maariflənməsində rol oynamış “Tərcüman” qəzetinin naşiri olub.
11 sentyabr 1937 – Rusiya müğənnisi, SSRİ Xalq artisti İosif Davıdoviç Kobzon (1937-2018) anadan olub.
12 sentyabr 1921 – Polyak satirik yazıçısı Stanislav Lem (Stanislaw Lem; 1921-2006) anadan olub. Əsərləri: “Solyaris”, “Səmanın səsi”, “Yerdə sülh”, “Aldebarandan müdaxilə” və s.
13 sentyabr 1874 – Avstriya bəstəkarı Arnold Şönberq (Arnold Franz Walter Schoenberg; 1874-1951) anadan olub. Musiqidə ekspressionizmin nümayəndəsi, “Moisey və Aaron” operası, “İntizar” monodramı və s. əsərlərin müəllifidir.
13 sentyabr 1894 – İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley; 1894-1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “London dalanı”, “Cənnət guşəsi” (pyeslər), “Qretlidə qaranlıq” (roman) və s.
13 sentyabr 1905 – Fransız əsilli Amerika aktrisası, «Oskar» laureatı Klodet Kolber (Claudette Colbert - Lily Claudette Chauchoin; 1905-1996) anadan olub. Filmləri: “Kleopatra”, “Bu bir dəfə gecə baş verib”.
Hazırladı: Vüqar ORXAN