Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Opera və Balet (DOB) Teatrı tərəfindən təşkil edilən ənənəvi Beynəlxalq Aspendos Opera və Balet Festivalı Antalya şəhərində davam edir.

Festivalın ilk iki günündə J.Bizenin “Karmen” operası nümayiş olunub. İstanbul və Antalya opera və balet teatrlarının artist və xor kollektivlərinin iştirak etdiyi tamaşa Zdravko Lazarovun dirijorluğu ilə təqdim edilib.

Aspendos Antik Teatrında keçirilən festivalın növbəti tamaşası 8 sentyabrda təqdim olunan P.Çaykovskinin “Sonalar gölü” baleti olub. Klassik baletin şah əsərlərindən olan tamaşa 300 illik tarixi olan Vyana Dövlət Opera və Balet Teatrı tərəfindən təqdim edilib. 

12 və 13 sentyabr axşamlarında festivalda Antalya Dövlət Opera və Balet Teatrı tərəfindən C.Verdinin “Aida” operası göstəriləcək. İtaliyadan Fabrisio Maria Karminatinin dirijorluğu ilə Ankara Dövlət Opera və Baleti xor sənətçilərinin oxuyacağı bu əsərdə Radames partiyasını 12 sentyabrda məşhur tenor Murat Karahan, ertəsi gün Efe Kışlalı, Aidanı tanınmış soprano Françeska Tiburzi və Anna Neçayeva ifa edəcək.

Murat Karahanın rejissorluğu ilə Dövlət Opera və Balet Teatrının möhtəşəm layihəsi – ”Troya” epik operası isə 16 sentyabrda Antalya Expo mərkəzində nümayiş etdiriləcək. Festival 18 sentyabrda M.Karahanın solist olacağı qala-konsertlə bitəcək.

Mehparə SULTANOVA
Ankara