Xəbər verdiyimiz kimi, avqustun 30-dan sentyabrın 8-dək Ankarada XVI Beynəlxalq Anadolu Günləri Mədəniyyət və İncəsənət Festivalı keçirilib.

Türkiyə paytaxtının Etimesqut Bələdiyyəsi tərəfindən təşkil edilən ənənəvi festivalda ölkəmiz də təmsil olunub. Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ölkəmizə aid stend qurulub.

Sentyabrın 8-də festivalda Azərbaycan günü keçirilib. Mərasimdə rəsmi şəxslər, diplomatlar, Şirvan şəhərindən gələn nümayəndə heyəti iştirak edib.

Festivalın bağlanışı və Azərbaycan günü tədbirində Etimesqut Bələdiyyəsinin başqanı Ənvər Dəmirəl, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış ediblər.

Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən bəhs edilib, Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin nəsihətləri xatırlanıb. Vətənlərimizin qorunması, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.

Tədbirdə həmçinin məlumat verilib ki, sentyabrın 7-də PKK terrorçuları ilə atışmada xüsusi təyinatlı polis briqadasının Mardin şöbəsinin rəisi, əslən Etimesqut rayonundan olan Tufan Kansuvanın şəhid olması ilə əlaqədar tədbirin musiqili hissəsi ləğv edilib.

Qeyd edək ki, festivalda Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən qurulan stend festivalın sonunadək fəaliyyət göstərib və maraqla qarşılanıb.