Heydər Əliyev Mərkəzində hər kəsin marağına səbəb olacaq yeni sərgi açılır. Tarixi eksponatlar, ölkələrin musiqi mədəniyyətini canlı izləmək imkanı, korifey sənətkarların vaxtilə ifa etdiyi musiqi alətlərini yaxından görmək və bir daha dinləmək fürsəti…

Heydər Əliyev Fondunun bir neçə ildir üzərində işlədiyi və müxtəlif mənbələrdən toplanan unikal kolleksiya sentyabrın 17-dən “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisində təqdim ediləcək.

Heydər Əliyev Mərkəzində açılacaq sərgidə XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunacaq. Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Şimali Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.

Ekspozisiyanın unikal eksponatları sırasında N.Gəncəvinin “Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası da yer alıb.

Kolleksiyada həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Xalq artistləri Xan Şus­̧inski, Rübabə Muradova, Əbülfət Əliyev, Ag­̆axan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Has­̧ımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi as­̧ıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifac­̧ısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamanc­̧ası sərgidə yer alacaq.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nag­̆ara əsasında düzəltdiyi nağara (2010), 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti “Stereo Buta” da ekspozisiyada təqdim ediləcək.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətin ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə video və audioyazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

Sərginin NASA bölümündə 1977-ci ildə “Voyacer 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqilər təqdim edilir.