18 sentyabr – Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş növbəti beynəlxalq musiqi festivalı başlanacaq. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək.
Festivalda Rusiya, Gürcüstan, ABŞ, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan və Ukraynadan tanınmış musiqiçilər – Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filipp Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov iştirak edəcəklər. Türkiyədən Çukurova Dövlət Simfonik Orkestri (Adana), Çin Xalq Respublikasından “Silk Road” Filarmonik Orkestri festivalın qonağı olacaq. Həmçinin Azərbaycanın musiqi kollektivləri, dirijor və ifaçılar – Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov və başqalarının iştirakı ilə konsert proqramları – ümumilikdə festival müddətində 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.