Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət konsert təşkil edilib.

Konsertdən əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirakçılara İmadəddin Nəsiminin (1369-1417) ömür yolu və bənzərsiz yaradıcılığı haqqında məlumat verib.

Səfir Şamaxı şəhərində dünyaya göz açmış İmadəddin Nəsiminin Yaxın Şərqin görkəmli mütəfəkkirlərinin əsərlərini mütaliə etdiyini, dövrünün təriqətlərinə maraq göstərdiyini, Azərbaycan ədəbiyyatında bədii-fəlsəfi poeziyanın əsasını qoyduğunu, söz sənətimizi forma və məzmunca zənginləşdirdiyini, özündən sonrakı nəsillər üçün böyük ədəbi irs qoyub getdiyini nəzərə çatdırıb.

Azərbaycanın dünya musiqisinə böyük töhfə verdiyini qeyd edən səfir R.Həsənov müsəlman dünyasında ilk operanın, o cümlədən ilk balet musiqisinin Azərbaycanda ərsəyə gəldiyini nəzərə çatdırıb. Rəngarəngliyi ilə seçilən Azərbaycan musiqi məktəbinin ənənəviliklə yanaşı, müasir formaları da özündə ehtiva etdiyini vurğulayıb. Azərbaycan muğamından söz açan diplomat ölkəmizdə muğamın klassik musiqi ilə sintez edildiyini qeyd edib. Azərbaycanda klassik musiqinin əsasının qoyulmasında xidmətlərinə görə dahi bəstəkar Üzeyir Hacıbəylini xatırladan səfir Firəngiz Əlizadə və onun həmkarlarının dahi bəstəkarın layiqli davamçıları olduğunu diqqətə çatdırıb.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığından söz açan Ramin Həsənov onun 2008-ci ildə UNESCO-nun “Sülh artisti” adına layiq görüldüyünü, Azərbaycan mədəniyyətinin xaricdə tərənnüm edilməsinə, eləcə də dünya musiqisinə böyük töhfə verdiyini nəzərə çatdırıb. O, bəstəkarın Nəsiminin əsərləri əsasında ərsəyə gətirdiyi “Dərviş”, “Zikr”, “Nəsimi passionu” kimi əsərlərinin olduğunu bildirib.

Sonra konsert proqramı təqdim edilib.

Konsertdə Firəngiz Əlizadə ilə yanaşı digər Azərbaycan bəstəkarlarının – Aliyə Məmmədova, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi, Cəlal Abbasovun böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin şeir və qəzəllərinin əsasında hazırlanmış əsərləri ifa olunub. Xanəndə – Qədim musiqi alətləri ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, eləcə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov, Əməkdar artist, soprano Afaq Abbasova tərəfindən əsərlər ifa edilib. İmadəddin Nəsimi obrazını Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

Konsertdə yerli mədəni ictimaiyyətin, Almaniyadakı səfirliyimizin və diasporumuzun nümayəndələri iştirak ediblər.