Azərbaycan

 

14 sentyabr 1880 – Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880-1942) Qəbələdə anadan olub. Yazıçının “Neft və milyonlar səltənətində” povesti əsasında 1916-cı ildə eyniadlı ekran əsəri – Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.

14 sentyabr 1911 – Şair, dramaturq, ədəbiyyatşünas Müzəffər Qasım oğlu Nəsirli (1911-1980) Naxçıvan MR Şahbuz rayonu Sələsüz kəndində anadan olub.

14 sentyabr 1939 – Yazıçı-dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı (1939 – 19.1.2014) Ağstafa rayonunun Yenigün kəndində doğulub. Televiziyada ekranlaşdırılmış “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” pyeslərinin, povest və hekayələrin müəllifidir.

14 sentyabr 1941 – Əməkdar incəsənət xadimi, kinorejissor Teymur Bəkir oğlu Bəkirzadə (1941-1996) Bakıda doğulub. “Azərbaycanfilm” kinostudiyasında sənədli və bədii filmlərə (“Rəqiblər”, “Yol əhvalatı”) quruluş verib.

14 sentyabr 1992 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 15.6.1924 – 1992) vəfat edib. Azərbaycan Aşıqlar Birliyinin rəhbəri (1984-1992) olub.

 

15 sentyabr 1905 – Azərbaycanda kukla teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905 – 22.10.1970) Bakıda anadan olub. “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib, Akademik Dram Teatrında çıxış edib.

15 sentyabr 1918 – Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) Qafqaz İslam Ordusu Bakını “Sentrokaspi diktaturası” və daşnak qüvvələrindən azad edib. Həmin gün Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı – “Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxıb.

15 sentyabr 2006 – Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (28.7.1935 – 2006) vəfat edib. Oratoriya (“Odlar yurdu”, “Çanaqqala”), opera (“Ölülər”, “Natəvan”), kantata və s. əsərlərin müəllifidir.  Bəstəkarlar İttifaqının sədri (2001-2006) olub.

15 sentyabr 2007 – Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 – 2007) vəfat edib. “Qara daşlar”, “Telefonçu qız”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

 

16 sentyabr 1909 – Azərbaycanın ilk kinoaktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 – 22.4.1983) Bakıda doğulub. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.

16 sentyabr 1934 – Əməkdar incəsənət xadimi, pianoçu, professor Elmira Yusif qızı Səfərova (1934-1997) Bakıda anadan olub.

 

17 sentyabr 1956 – Rəssam, heykəltəraş Müslüm Ömər oğlu Eldarov (1956-2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub.

 

Dünya

 

14 sentyabr 1321 – İtalyan şairi Dante Aligyeri (Dante Alighieri; 15.5.1265 – 1321) vəfat edib. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema üç hissədən (“Cəhənnəm”, “Əraf”, “Cənnət”) ibarətdir.

14 sentyabr 1618 – Holland əsilli ingilis rəssamı Piter Leli (Peter Lely - Pieter van der Faes; 1618-1680) anadan olub.

14 sentyabr 1898 – Rus aktyoru, SSRİ Xalq artisti Mark Prudkin (1898-1994) anadan olub. Filmləri: “Karamazov qardaşları”, “On iki stul” (1976) və s.

 

15 sentyabr 1789 – Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 - 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: “Casus”, “Dəniz qulduru”, “Losman”, “Sonuncu mogikan”, “Ləpirçi” və s.

15 sentyabr 1890 – İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 – 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm” və s.

15 sentyabr 1894 – Fransız kinorejissoru, “Oskar” mükafatı laureatı Jan Renaur (1894-1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyoza”, “Fransız kankanı” və s.

15 sentyabr 1914 – Türk yazıçısı Orxan Kamal (Mehmet Raşit Öğütçü; 1914 – 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Qürbət quşları” kimi romanları, “Çörək davası”, “Arxa küçə” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.

15 sentyabr 1925 – Rus aktyoru, SSRİ Xalq artisti Kirill Lavrov (1925-2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Odun ram edilməsi” və s.

 

16 sentyabr 1462 – İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi; 1462-1525) anadan olub.

16 sentyabr 1888 – Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa; 1888-1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.

 

17 sentyabr 1908 – Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey; 1908-1973) anadan olub.

17 sentyabr 1931 – İtalyan əsilli Amerika aktrisası, “Oskar”  mükafatı laureatı Enn Benkroft (Anne Bancroft – Anna Maria Louisa Italiano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.

Hazırladı:  Vüqar ORXAN