Türkiyənin İstanbul şəhərində 1987-ci ildən bəri keçirilən müasir incəsənət sərgisi – “İstanbul Biennale”si bu il sentyabrın 14-dən noyabrın 10-dək davam edəcək.

Sərgidə 25 ölkədən 56 rəssamın 220 əl işi nümayiş etdiriləcək. Həmişəki kimi, bu sərginin eksponatlarının da şəhərin mədəni irs inciləri – Topqapı sarayında və Ayasofya məbədində, eləcə də Memar Sinan Universiteti, İstanbul Dövlət İncəsənət və Heykəltəraşlıq Muzeyi, Böyükadada nümayiş etdiriləcək.

İstanbul Mədəniyyət və İncəsənət Fondunun sədri Bülənt Əczaçıbaşı tədbirlə bağlı keçirilən mətbuat konfransında bildirib ki, iki ildən bir təşkil olunan sərgi müasir janrlarda yaradılan yeni əsərlərin geniş ictimaiyyətə təqdim edilməsində, habelə rəssam və heykəltəraşların yaradıcılığının təbliğində böyük əhəmiyyətə malikdir.

Sərginin sponsoru “Koç Holdinq”in rəhbəri Ömər Koç qeyd edib ki, tədbirə sərbəst girişin təmin edilməsi incəsənətlə yaxından maraqlanan insanların müasir janrlara aid olan əsərlərlə daha yaxşı tanış olması baxımından müsbət addımdır. O, “Yeddinci qitə” adlandırılan bu sərginin okeanların çirkləndirilməsinə qarşı kampaniyaya da töhfə olduğunu bildirib.