18 sentyabr – Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş növbəti beynəlxalq musiqi festivalı başlanır. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək.
Festivalda Rusiya, Gürcüstan, ABŞ, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan və Ukraynadan tanınmış musiqiçilər iştirak edəcəklər. Türkiyədən Çukurova Dövlət Simfonik Orkestri (Adana), Çin Xalq Respublikasından “Silk Road” Filarmonik Orkestri festivalın qonağı olacaq. Həmçinin Azərbaycanın musiqi kollektivləri, dirijor və ifaçılarının iştirakı ilə konsert proqramları – ümumilikdə festival müddətində 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.