Rudolf Nureyev adına XXII Beynəlxalq Balet Sənəti Festivalı payız fəslində Rusiyada ən çox gözlənilən mədəniyyət hadisələrindəndir. Sentyabrın 7-dən 24-dək böyük rəqqasın doğma şəhəri Ufada – Başqırdıstan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən builki festivalın proqramı zənginliyi ilə seçilir.

Sentyabrın 13-də sənətsevərlər Başqırdıstan teatrında “Məhəbbət əfsanəsi” baletinə tamaşa ediblər. Arif Məlikova dünya şöhrəti gətirmiş bu əsərin nümayişini müəllifin doğum gününə təyin etməklə teatrın rəhbərliyi və festivalın təşkilat komitəsi görkəmli bəstəkara öz ehtiramlarını bildiriblər. Bu il musiqi ictimaiyyəti, bəstəkarın böyük istedadının pərəstişkarları Arif Məlikovun ad gününü ilk dəfə onsuz qeyd etdi.

Bu baletlə bağlı bir maraqlı məqam da var. Hələ ilk dəfə 1961-ci ildə o vaxtkı Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrı) “Məhəbbət əfsanəsi”nə quruluş vermiş dünya şöhrətli baletmeyster, həm  də tamaşanın libretto müəlliflərindən biri olan Yuri Qriqoroviç Fərhad partiyasını gənc Rudolf Nureyevə tapşırır. Lakin məşq prosesində sözləri düz gəlmədiyi üçün baletmeyster Rudolfu cəzalandırmaq məqsədilə onun premyerada çıxış etməyinə imkan vermir. Bir neçə ay sonra isə R.Nureyev növbəti qastroldan sonra vətənə qayıtmır, Fransada qalır. İllər sonra artıq dünya şöhrəti qazanmış artist yaradıcılığı barədə danışarkən bir şeyə təəssüfləndiyini deyərmiş: “Heyif ki, Fərhadı oynamaq mənə qismət olmadı”.

Başqırdıstanın kulturarb.ru elektron portalının yazdığına görə, sentyabrın 13-də oynanılan “Məhəbbət əfsanəsi” baletində Rusiya Böyük Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Mariya Vinoqradova (Şirin), Mixalovsk teatrının premyeri, Rusiyanın Əməkdar artisti İvan Vasilyev (Fərhad), Ufa teatrının solistləri – Sofya Qavryuşina (Mehmene Banu), Başqırdıstanın Əməkdar artisti Oleq Şaybakov (Vəzir), Danila Alekseyev (Naməlum adam), Şota Onodera (Təlxək) və teatrın balet truppası çıxış edib. Tamaşanın dirijoru  Başqırdıstanın Əməkdar incəsənət xadimi German Kim olub. 

Ufanın fəxri qonağı – Rudolf Nureyevin şəxsi köməkçisi və meneceri olmuş, İtaliyada Rudolf Nureyev Fondunun prezidenti Luici Pinyotti də tamaşanı izləyənlərin arasında olub. O, dünya şöhrətli rəqqasla 26 ildən çox çalışıb və onun bütün dünyada qastrollarını təşkil edib. Tamaşanı çox bəyənən L.Pinyotti deyib: “Parisdə, Milanda və digər şəhərlərdə Rudolf Nureyevin yaradıcılığına həsr olunmuş konsertlər keçirilir. Ufada belə festivalın keçirilməsi çox vacibdir”.

GÜLCAHAN