Azərbaycan

18 sentyabr 1885 – Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 – 23.11.1948) anadan olub. Müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910) yaradıcısıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, romans və mahnıların müəllifidir.  Bəstəkarın doğum günü milli musiqi bayramı kimi qeyd olunur.

18 sentyabr 1885 – Görkəmli bəstəkar və dirijor, Əməkdar incəsənət xadimi Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (1885 – 28.7.1937) anadan olub. “Şah İsmayıl”, “Nərgiz” operalarının müəllifidir. Opera teatrının rəhbəri və dirijoru, Azərbaycan Radiosunun musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.

18 sentyabr 1978 – Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 – 1978) vəfat edib. Akademik Dram Teatrının, “Azərbaycanfilm”in direktoru işləyib, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.

18 sentyabr 1988 – XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905-1988) vəfat edib. Azərbaycan və fars dillərində yazıb. Dördcildlik divan, “Heydərbabaya salam” poeması, türkcə divan və s. əsərləri çapdan çıxıb.

18 sentyabr 1994 – Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb.

 

19 sentyabr 1992 – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru adını almış  ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aidə Nəsir qızı İmanquliyeva (10.10.1939 - 1992) vəfat edib. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların müəllifidir. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru (1991-1992) olub.

19 sentyabr 1995 – SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922 – 1995) vəfat edib. Operettaların (“Romeo mənim qonşumdur”,  “Ordan-burdan”), filmlərə («Bir qalanın sirri», «Qara daşlar», «Əhməd haradadır?») musiqilərin, populyar mahnıların müəllifidir.

 

20 sentyabr 1918 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, respublika Dövlət mükafatı laureatı Mürsəl Nəcəfqulu oğlu Nəcəfov (1918-1997) anadan olub. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin katibi işləyib.

20 sentyabr 1993 – Kinorejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ Xalq artisti Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919 – 1993) vəfat edib. Bakı kinostudiyasında, “Mosfilm”də işləyib. “Onun böyük ürəyi”, “Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) və s. filmlərə quruluş verib.

 

Dünya

 

18 sentyabr 1905 – Dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” mükafatı laureatı Qreta Qarbo (Greta Garbo - Greta Lovisa Gustafsson; 1905-1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.

 

19 sentyabr 1911 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983) Vilyam Cerald Qoldinq (William Gerald Golding; 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.

 

20 sentyabr 1878 – Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair; 1878-1968) anadan olub.

20 sentyabr 1899 – Amerika filosofu və kulturoloqu Leo Ştraus (Leo Strauss; 1899-1973) anadan olub.

Hazırladı:  Vüqar ORXAN