Yenicə başlayan teatr mövsümündə Azərbaycanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, Rusiya Böyük Teatrının ən gözəl sopranolarından biri Dinara Əliyeva Paris səhnəsində debütə hazırlaşır.
O, bir ay ərzində “Opera Bastille” teatrında Cakomo Puççininin “Madam Batterflyay” operasında titul partiyasını ifa edəcək. Üstəlik, təxminən iki ay ərzində Paris operasevərlərinin Dinara Əliyeva ilə bu partiyanın dünya çapında digər parlaq ifaçısı, əslən Puerto-Rikodan olan, “Qremmi” mükafatı laureatı Anna Mariya Martinesin ifalarını müqayisə etmək imkanı olacaq. Teatrın sentyabr-noyabr aylarında nümayiş etdirəcəyi “Madam Batterflyay”ın baş qəhrəmanının sevgisini və faciəsini canlandırmaq bu iki xanıma həvalə edilib.
Artıq Paris küçələrini bəzəyən afişalarda hər iki vokalçının fotoları eyni bannerdə yerləşdirilib.
“Opera Bastille” teatrında Robert Uilsonun quruluşunda təqdim ediləcək opera tamaşasını bəstəkarın adaşı, tanınmış dirijor Cakomo Saqripanti idarə edəcək. 12, 26 və 29 oktyabr, 1, 6, 9 noyabr tarixlərində Dinara Əliyeva səhnəyə çıxacaq. Amerikalı hərbçinin sevgi dolu yalan vədlərinə inanıb onunla evlənən yapon gözəli Çio-Çio-Sanın partiyasını ifa edəcək soydaşımızın bu tamaşalarda tərəf-müqabili (leytenant Pinkertonun partiyası) Ukrayna əsilli tanınmış vokalçı, Nyu-York, Paris, Berlin, Amsterdam və digər səhnələrdə uğurla çıxış etmiş Dmitro Popov olacaq.
GÜLCAHAN