Ölkəmizin Belçikadakı səfirliyi Brüssel İncəsənət Sarayı (BOZAR) ilə birgə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində apardığı əməkdaşlıq çərçivəsində məşhur cazmenlər – əməkdar artistlər İsfar Sarabski və Rain Sultanovun konserti təşkil olunub.

Orqan musiqisi gecəsi çərçivəsində keçirilən proqramın əvvəlində pianoçu İsfar Sarabski və saksofon ifaçısı Rain Sultanovun birgə albomu – “Cycle” barədə tamaşaçılara məlumat verilib.

Daha sonra saksofonun müşayiəti ilə orqan və piano ifasında musiqi parçaları təqdim olunub. Musiqiçilərimiz öz ifaları ilə orqan musiqisinin caz repertuarında özünəməxsus yer tutduğunu yüksək ustalıqla tamaşaçılara çatdırıblar.

Musiqiçilərimizin ifası auditoriya tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.