Bakının 1918-ci ilin 15 sentyabrında Osmanlı (Türkiyə) ordusunun köməyi ilə bolşevik-daşnak işğalından azad edilməsinin 101-ci ildönümü münasibətilə Ankarada təntənəli mərasim keçirilib.

Mərasimdə TRT-nin sədri İbrahim Eren çıxış edib. O bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığının şanlı səhifəsi olan bu tarixin TRT-nin təşkilatçılığı ilə qeyd edilməsi artıq ənənəyə çevrilib.

Tədbirdə TRT-nin Azərbaycanın istiqlal şairi Əhməd Cavada həsr etdiyi filmin təqdimatı olub.

Daha sonra Azərbaycandan gələn incəsənət ustaları, eləcə də Türkiyədə yaşayıb-yaradan musiqiçilərimiz və TRT orkestrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Azərbaycanın korifey bəstəkarlarının, eləcə də müasir bəstəkarların əsərləri, tanınmış solistlərin mahir ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Gecə Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” əsərinin səslənməsi ilə yekunlaşıb.