Milli Musiqi Günündə Bakıda “Jazz Fans” (“Cazın dostları”) İctimai Birliyi və jazz.az saytının yenilənmiş versiyasının təqdimatı olub.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, incəsənət xadimləri və caz həvəskarları iştirak ediblər.

“Jazz Fans” İB-nin həmtəsisçisi Nuri Əhmədov incəsənətin bu növünün Azərbaycanda təşəkkül tapmasının tarixindən bəhs edib, həmçinin ölkəmizdə cazın banilərinin həyat və yaradıcılığı haqqında məlumat verib və hazırda bu sahədə mövcud olan problemlərə toxunub. N.Əhmədov bu musiqi janrının ölkəmizdə inkişafına və Azərbaycan cazının dünyada təbliğinə verdiyi böyük töhfəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

“Jazz Fans” İB-nin həmtəsisçisi Mədəniyyət naziri Əbülfəs Qarayevə ölkəmizdə caz janrının inkişafına göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

İnternet portalının baş redaktoru, musiqişünas Turan Məmmədəliyeva qeyd edib ki, ictimai təşkilat caz həvəskarlarını və fanatlarını, ifaçıları, nəzəriyyəçiləri və media nümayəndələrini birləşdirən bir platforma olmağı qarşısına məqsəd qoyub.

Qeyd edək ki, “Jazz Fans” İctimai Birliyi 2003-2015-ci illərdə fəaliyyət göstərmiş Bakı Caz Mərkəzinin işini davam etdirəcək.