Sentyabrın 23-də tanınmış amerikalı caz ifaçısı Mişel Uoker Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış etdi. Bakının caz həvəskarları məşhur ifaçının yaradıcılığı ilə tanış olsalar da, bu dəfə onu canlı olaraq dinləmək imkanı əldə etmişdilər.
Konsertin ilk notlarından pozitiv əhval bəxş edən ifaçı musiqi akkordlarına uyğun olaraq rəqsi və jestləri ilə zalın alqışlarını qazana bildi. Tamaşaçılarla birgə duetlər də konsertin yaddaqalan məqamlarından oldu. Proqrama uyğun olaraq ifaçı bir-birindən rəngarəng hit mahnılarını təqdim etməklə yanaşı, dünya caz nümunələrinə də müraciət edirdi.
Mişel Uoker xüsusi səs tembri ilə hər kəsi heyrətləndirən caz vokalçısıdır. İncə ifa tərzi ilə seçilən vokalçı klassik melodik hərəkətləri və müasir stilə malik yanaşmaları ilə diqqəti cəlb edir. Buna görə də onun ifaları həm tənqidçilər, həm də ictimaiyyət tərəfindən zövqlü musiqi kimi qəbul edilir. 2000-ci ildən fəaliyyətə başlayan ifaçının ilk albomu – “Slown down” ABŞ-da ilin ən yaxşı debüt albomu və ən yaxşı müstəqil vokal caz albomu kimi mükafatlara layiq görülüb.
LALƏ