Sentyabrın 23-də Moskva Dövlət Konservatoriyasında IV “Piano & Voice” vokal-fortepiano duetlərinin Beynəlxalq müsabiqəsi işə başlayıb. Müsabiqənin münsiflər heyətində Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli də təmsil olunur.

“Piano & Voice” müsabiqəsi digər musiqi yarışmalarından tam fərqlidir. XX əsrdə vokal-fortepiano dueti janrı çox sürətli və parlaq  inkişaf mərhələsi yaşamışdı. Məşhur vokalçılarla pianoçuların dueti minlərlə insanı ən böyük konsert salonlarına toplayırdı. Lakin əsrin sonuna yaxın bir sıra səbəblər üzündən bu janr unudulmağa başladı. 2012-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının təsis etdiyi açıq müsabiqə gənc musiqiçiləri uzunmüddətli yaradıcılıq birliyi qurmağa həvəsləndirmək məqsədi daşıyır. Müsabiqənin şərtlərinə görə, hər iki ifaçının yaşı 30-dan çox olmamalı, onlar həm populyar, həm də nadir ifa olunan kamera musiqisi nümunələrinə müraciət etməlidirlər.

Görkəmli pianoçu-pedaqoq, Moskva Konservatoriyasının prorektoru, professor Aleksandr Bonduryanskinin sədrlik etdiyi münsiflər heyətində Fərhad Bədəlbəyli ilə yanaşı Ziqrida Kirgere (Latviya), Sergey Leyferkus (Rusiya-Böyük Britaniya), Hartmut Höll (Almaniya), Qalina Brıkina, İrina Osipova və Pyotr  Skusniçenko (Rusiya) da yer alıb.

Müsabiqənin bağlanışı və laureatların konserti sentyabrın 27-də keçiriləcək.

GÜLCAHAN