“Gəncədə tamaşa oynayacağım günün həsrətini çəkirəm…”

Üzeyir Hacıbəyli festivalının bir qonağı da İran İslam Respublikasından gəlmiş tanınmış aktyor və rejissor Babək Nəhreyn idi. Qonağımızın neçə vaxtdan bəri yaradıcılıq münasibəti qurduğu Azərbaycan Dövlət Akademik Musiqili Teatrı festivala qoşularaq, sentyabrın 20-də 110-cu mövsümü “O olmasın, bu olsun” komediyası ilə açdı. Babək Nəhreyn həmin tamaşada ilk dəfə Hambal rolunda çıxış etdi. İranda isə o, təkcə komik aktyor kimi yox, həm də “Babək” özəl teatrının rəhbəri, festival təşkilatçısı kimi məşhurdur. Bu barədə isə qonağımız özü danışsın.

Söhbətimiz tamaşadan öncəyə təsadüf edir deyə, nə qədər təcrübəli olsa da, Babək bəyin həyəcanı hiss olunur.

- Üç il Şərqi Azərbaycan Teatr Assosiasiyasının rəhbəri oldum, amma sonra davam etmək istəmədim. Gördüm ki, təşkilati işlər vaxtımı çox alır. Səhnəyə çıxmağa, tamaşa hazırlamağa vaxtım, demək olar ki, qalmır. Halbuki mən səhnədə olmağı çox sevirəm. “Əlif” beynəlxalq teatr festivalının da rəhbəriyəm. Ötən il ilk dəfə keçirilən festivala 8 ölkədən teatr kollektivi gəlmişdi. Çox şad oldum ki, birinci mükafatı Azərbaycandan Şövqi Hüseynov “Kontrabas” tamaşası ilə qazandı.

 

- Bəs bu il necə, Azərbaycandan teatr qonağınız olacaq?

- Bəli. Dekabrın 1-dən 5-dək növbəti festivalı keçirəcəyik. Azərbaycandan da teatrların gəlməsini gözləyirik.

 

- Azərbaycan  teatrı ilə münasibətiniz necə yarandı?

- Uzun illər çox istəyirdim ki, İranla Azərbaycan arasında bir teatr körpüsü salınsın. Tehranda, İsfahanda Azərbaycan teatrları ilə tez-tez  rastlaşırdım, amma nədənsə Təbrizdə tamaşa oynamaqları baş tutmurdu. Çox şadam ki, bu işi görmək mənə qismət oldu. 2016-cı ildə Musiqili teatrın direktoru Əliqismət Lalayevlə tanış olduq, birlikdə yaradıcılıq planları üzərində çalışdıq və yol açdıq. 2017-ci ildə Novruz bayramı üçün məxsusi “Bəxtəvər” tamaşası hazırladıq, çox yaxşı da qarşılandı. Sonra Üzeyir bəyin “Ər və arvad” tamaşası Tehranda, Təbrizdə qastrolda oldu. Bir dəfə də bizim aktyorumuz Camal Sadiqinejat da gəlib “999-cu gecə”də çıxış etmişdi.

 

- Bu gün də bizim teatrda “O olmasın, bu olsun” tamaşasında debütünüzdür.

- Elədir… Əvvəllər bu tamaşada heç vaxt çıxış etməmişəm. Tamaşaya da diskdə baxıb rolumu öyrənmişəm.

 

- Belə çıxır ki, Hambalı məşqsiz hazırlamısınız?

- Elədir. Özüm təkbaşına Hambalı hazırlamışam. Uzun illər əvvəl, rəhmətlik atam da “O olmasın, bu olsun”da Hambal rolunda çıxış edib.

 

- Deməli, atanız da aktyor olub?

- Bəli, atam Həsən Nəhreyn Təbrizdə çox məşhur teatr aktyoru, rejissor idi. Ümumiyyətlə, bizim ailəmizdə sənət adamı çoxdur: aramızda aktyor, musiqiçi, rəssam, dirijor var…  Yəni, mən teatr işini sənət olaraq seçəndə kimsə təəccüblənməmişdi. Sonra da Təbrizdə, Ərəşdə sənət təhsili aldım. Təbrizdə öz adımı verdiyim özəl teatrım var. Həm musiqili, həm də dram tamaşaları qururuq. Orkestrimiz, balet qrupumuz, aktyorlarla birlikdə 170 nəfərdən çox heyətimiz var. Baletmeysterimiz Pedram Nazir Bakıda xoreoqrafiya təhsili alıb. Hər ay bütün işçilər aylıqlarını (maaşlarını - red.) alırlar. Demək olar ki, hər gün də tamaşa oynayırıq.

 

- Hər gün?...

- Bizdə sabit, geniş repertuar yoxdu. Bir tamaşanı hazırlayırıq, oynayırıq, onunla qastrola gedirik, tamaşa öz seyrçisini itirməmiş digər tamaşanı hazırlayırıq. Həmişə teatrımızın yeni tamaşası var deyə, salonda bir yer də boş qalmır. Çox vaxt tamaşaya bilet bir ay əvvəldən satılır. Fəxr edirəm ki, İranda bilet satışına görə bütün teatrlardan birinciyik. Yayda Tehranda bir gündə “Nəhəngi-əmbər” tamaşamıza 6 min bilet satılmışdı…

 

- Nə gözəl!... Bəs tamaşaları hansı dildə oynayırsınız?

- Yalnız Azərbaycan dilində! İranda sayımız qırx milyondur. Hansı şəhərə getsək, orada Azərbaycan dilini anlayırlar. İranın, demək olar ki, bütün şəhərlərində, xüsusilə də Tehranda tez-tez tamaşa oynayırıq, xaricə gedirik. Almaniya, Hollandiya ən çox tamaşa oynadığımız ölkələrdir.

 

- Bəs Üzeyir bəyin hansısa əsərində indiyədək çıxış etmisiniz?

- Bəli, “Arşın mal alan”da Əsgəri oynayıram, amma bir dəfə də Vəli kimi səhnəyə çıxmışam.

 

- Bəs deyirdiniz ki, sizdə davamlı repertuar yoxdu…

- Təbrizdə belə bir ənənə yaranıb ki, hər il orucluqda “Arşın mal alan” tamaşasını mütləq oynayırıq. Hətta təbrizlilər deyirlər ki, orucluq gəlsəydi, “Arşın mal alan”a baxardıq.

 

- Fikriniz hələ başlamamış tamaşada olduğundan bəlkə də yeni yaradıcılıq layihəsi barədə soruşmaq yerinə düşmür…

- Niyə ki? Çox istəyərəm ki, Musiqili teatrla sıfırdan bir tamaşa quraq. Gərək Əliqismət müəllimlə bu məsələ barədə düşünüb-daşınaq. İstəyərdim ki, yığcam bir tamaşa hazırlayaq və Bakı-Təbriz adıyla dünyanı dolaşaq.

 

- Gözəl arzudur, Allah yerinə yetirsin!

- Dünyanın neçə ölkəsini gəzmişəm, amma təkcə Azərbaycanda özümü evdəki kimi azad, rahat hiss edirəm. İranla Azərbaycan iki qardaş ölkədir. Allaha çox şükür ki, dövlətlərimizin arasında heç bir problem yoxdur, ölkə başçıları da həmişə mehriban görüşürlər.

 

- Bəs teatrla bağlı arzunuz? 

- Əslən Gəncədənik. Ən böyük arzum da Gəncədə səhnəyə çıxmaqdır.

***

Babək Nəhreyn ilə teatrla, yaradıcılıqla bağlı uzun və daha maraqlı söhbət etmək olardı. Amma nə qədər təcrübəli səhnə ustası olsa da, ilk dəfə oynayacağı rolun xofu, stresi özünü göstərir. Həm də necə olsa, “O olmasın, bu olsun”un ən koloritli obrazına tam uyğunlaşmaq üçün də qrim etmək lazım idi. Üstəlik, tamaşanın Məşədi İbadı – Əməkdar artist Şövqi Hüseynov da pərdə açılmamışdan öncə birlikdə səhnələrini təkrar keçmək üçün onu səhnə arxasında gözləyirdi…

Gülcahan MİRMƏMMƏD