21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Fransanın Carriere-sous-Poissy kommunasında meriyanın dəstəyi və azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın təşkilatçılığı ilə “Sülh naminə” adlı konsert keçirilib.
Carrie-sous-Poissy kommunasının meri çıxış edərək konsertin təşkilinə görə kommunanın sakini Səidə Zülfüqarovaya minnətdarlığını bildirib. O, ötən il olduğu kimi, bu il də konsertin maraqlı olacağına əminliyini ifadə edib.
Konsertdə klassik bəstəkarların əsərləri səsləndirilib. Səidə Zülfüqarova və Əməkdar artist, tarzən Sahib Paşazadə muğamlarımızı, Arif Məlikovun və Həsən Rzayevin musiqilərini də ifa ediblər.
Fransız musiqisevərlər milli musiqi aləti tara böyük maraq göstəriblər. Onlar konsertdən sonra tarzənə yaxınlaşaraq alətlə bağlı suallar veriblər.
Konsertdən əvvəl yerli qəzetdə azərbaycanlı pianoçu S.Zülfüqarova haqqında məlumat dərc olunub.