Heydər Əliyev Fondu fəaliyyətə başladığı dövrdən – 15 ildir milli mədəniyyətimizin, tariximizin, azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində mühüm nəşr layihələri də həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Fondun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan bu layihələr sırasında milli musiqi mədəniyyətimizin, o cümlədən muğam sənətimizin təbliğinə töhfə verən nəşrlər xüsusi yer tutur.

“Azərbaycan muğamları” layihəsi çərçivəsində nəşr edilən “Qarabağ xanəndələri” musiqi albomuna eyniadlı kitabça və 24 xanəndənin ifasında muğam parçalarından ibarət 3 CD daxildir. Albom Azərbaycan, ingilis, rus, fransız, alman, italyan dillərində nəşr edilib. İkicildlik “Muğam ensiklopediyası” Azərbaycan muğam sənəti barədə 1300-dən çox məqalənin toplandığı zəngin topludur. Layihə çərçivəsində hazırlanan “Azərbaycan xanəndələri” səs yazısı kolleksiyasında görkəmli muğam ustalarının təkrarsız ifaları yer alıb.

Fondun “Üzeyir dünyası” layihəsi də mədəni irsimizə dəyərli töhfədir. Layihəyə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operalarının, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində “Muğam haqqında əlyazmalar toplusu” (2014) nəşr olunub. 3 kitabdan ibarət topluya AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxil edilib.  2011-ci ildə nəşr olunan “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında”, Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun 100 illik yubileyinə ithaf olunmuş “Mansurovlar” kitabları da musiqi sənəti salnaməmizə töhfədir.  Fond tərəfindən böyük bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirova həsr olunmuş musiqi albomu (2014) da işıq üzü görüb. Nəşrə Fikrət Əmirovun həyat və zəngin yaradıcılığından bəhs edən kitab, bəstəkarın “Sevil” operası və “Min bir gecə” baletinin DVD-ləri, əsərlərinin toplandığı CD-lər daxildir.

Dünya şöhrətli Azərbaycan alimi Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri, görkəmli yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayevin roman və hekayələrinin toplandığı kitablar oxucular tərəfindən maraqla qarşılanıb. 2014-cü ildə Heydər Əliyev Fondu tərəfindən “Azərbaycanda alman izləri” (alman dilində) kitabı çap olunub. Kitabda alman səyyahların müxtəlif dövrlərdə Azərbaycan haqqında verdikləri məlumatlar, ölkəmizdə almanların məskunlaşması və iş adamlarının Azərbaycanda fəaliyyəti, arxitektorların inşa etdikləri binalar və s. haqqında geniş bilgilər verilib.

***

Heydər Əliyev Fondu Azərbaycanın haqq səsinin dünyada yayılmasına yönəlmiş nəşr layihələrinə mütəmadi dəstək göstərir. “Qarabağ həqiqətləri” toplusu (2005) “Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”,  “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” adlı beş bukletdən ibarətdir. Bukletlər toplusu ingilis, fransız, alman, rus, macar və yapon dillərində nəşr olunub.

 “Müharibə və tarixi mədəniyyət abidələrimiz” kitabında (2006) Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərindəki tarixi mədəniyyət abidələri, ziyarətgahlar, məscid və məbədlər haqqında məlumat verilir. Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin “Qarabağ haqqında həqiqətlər” seriyasından ingilis dilində nəşri olan “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabında (2007) da işğalçı dövlətin mədəniyyətimizə, maddi-mənəvi irsimizə qarşı həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs olunur.

Dünya şöhrətli fotoqraf Reza Deqatinin “Günahsızların qırğını” kitabı (2014) ingilis və fransız dillərində nəşr olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində rus dilində də nəşr olunan eyniadlı kitabda fotojurnalistin XX əsrin 80-ci illərinin sonlarından başlayaraq ermənilərin xalqımıza qarşı törətdiyi qırğınlar, o cümlədən 1990-cı ilin 20 yanvar qətliamı və 1992-ci ilin 26 fevral tarixində törədilmiş Xocalı soyqırımı zamanı lentə aldığı fotolar toplanıb.