Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının əhatə coğrafiyası genişlənir
Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra, 90-cı illərin ikinci yarısından etibarən Azərbaycanın mədəniyyət və incəsənətinin, o cümlədən nəşriyyat və kitab işinin beynəlxalq aləmdə təbliğində yeni mərhələ başlandı. Dövlət tərəfindən kitab nəşri və poliqrafiya sahəsinin inkişafı məqsədilə davamlı olaraq tədbirlər həyata keçirildi.
Prezident İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında və dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində çap edilməsi haqqında müvafiq sərəncamlarına uyğun olaraq bu istiqamətdə böyük işlərə start verildi. Eyni zamanda bu sahənin inkişafına zəmin yaradan qanunvericilik və normativ sənədlər qəbul olundu. “Nəşriyyat işi haqqında”, “Kitabxana işi haqqında” və “Mədəniyyət haqqında” qanunlar bu sahənin hüquqi bazasını təşkil etməklə ölkəmizdə nəşr işinin qarşısında yeni üfüqlər açdı.
Bu illər ərzində ölkəmizdə kitabxana şəbəkəsinin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Müasir informasiya daşıyıcılarına keçmə dövrü, kitabxanaların fəaliyyətinin müasirləşdirilməsi, onların eyni zamanda informasiya mərkəzləri funksiyasını daşıması diqqətə alınaraq dövlət başçısı tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” uğurla icra olunub.
Azərbaycanda kitab mədəniyyəti, nəşriyyat-poliqrafiya sahəsində böyük inkişafa nail olunub. 2006-cı ildən başlayaraq yüksək poliqrafik göstəricilərə malik Azərbaycan kitabı Moskva (Rusiya Federasiyası), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (Çin), İstanbul (Türkiyə), Saloniki (Yunanıstan), İsgəndəriyyə (Misir), Minsk (Belarus), London (Böyük Britaniya), Tehran (İran), Paris (Fransa), Budapeşt (Macarıstan), Praqa (Çexiya), Kiyev (Ukrayna), Astana (indiki Nur-Sultan, Qazaxıstan), Turin (İtaliya), Kişineu (Moldova) və digər şəhərlərdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda nümayiş etdirilib, ziyarətçilərin böyük marağına səbəb olub.
2008-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən ölkədə nəşriyyat işi və kitab sənətinin inkişaf etdirilməsi üzrə 2008-2012-ci illər üçün fəaliyyət proqramı təsdiq edilib. Proqram çərçivəsində Azərbaycan kitab mədəniyyətinin təbliği, tanıdılması məqsədilə müxtəlif tədbirlər keçirilib. Ümumiyyətlə, ötən müddət ərzində Azərbaycan kitabı 50-dək beynəlxalq sərgidə nümayiş olunub. Həmin sərgilərdə qazanılan təcrübə Azərbaycanda kitab nəşri və poliqrafiyanın daha da inkişaf etdirilməsi, çap məhsullarına kütləvi marağın təmin edilməsi, xarici ölkələrin nəşriyyatları ilə əlaqələrin qurulması, kitab mübadiləsi, ölkə nəşriyyatlarının satış və təbliğat imkanlarının genişləndirilməsi üçün ölkəmizdə kitab sərgi-yarmarkasının keçirilməsinə imkan yaradıb.
***
2009-cu ilin 10-12 sentyabr tarixində Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Sərgi-yarmarkanın təşkilində əsas məqsəd Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması sahəsində həyata keçirdiyi tədbirləri, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın nəşrinin dəstəklənməsi istiqamətində qəbul edilən qərarların əhəmiyyətini diqqətə çatdırmaq idi. Sərgi həmçinin nəşriyyatların təcrübə mübadiləsinə, beynəlxalq əlaqələrinə kömək etmək, kitab mədəniyyəti sahəsində nailiyyətlərimizi nümayiş etdirmək, Azərbaycan oxucusunun ölkə nəşriyyatları ilə yanaşı, dünyanın aparıcı nəşr evlərinin kitabları ilə tanışlığına şərait yaratmaq idi.
Muzey Mərkəzində təşkil olunan sərgi-yarmarkaya 50-dən çox yerli, 20-dək xarici nəşriyyat və təşkilat qatılmışdı. Sərgi çərçivəsində tanınmış Azərbaycan və xarici ölkə yazarlarının kitablarının təqdimatı keçirildi, imza mərasimləri təşkil edildi. Bununla da ölkəmizdə kitab və nəşriyyat sahəsində gözəl bir ənənənin əsası qoyulmuş oldu.
***
Birinci sərgi zamanı bu tədbirin ənənəvi olaraq iki ildən bir keçirilməsi qərara alınmışdı. 28-30 sentyabr 2011-ci il tarixində ilk sərginin məkanı ilə müqayisədə daha geniş ünvanda – Bakı İdman Sarayında (Əl Oyunları İdman Sarayı) II Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil edildi. Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbirdə 100-dən çox yerli, 25 xarici çap-poliqrafiya müəssisəsi, nəşr evi və kitabxana iştirak edirdi.
***
2013-cü ilin 23-25 sentyabr tarixində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən üçüncü sərgi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının qarşısındakı açıq ərazidə təşkil edilmişdi. Sərgi-yarmarkaya 100 yerli və 20-dək xarici ölkədən nəşriyyat, çap və poliqrafiya müəssisələri, kitab işi ilə məşğul olan qurumlar qatılmışdı.
Sərgi çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi də qeyd olundu. Bundan əlavə, Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclası keçirildi.
Sərgi-yarmarkada həmçinin Mədəniyyət Nazirliyi və Milli Kitabxananın ümummilli lider Heydər Əliyevə həsr olunmuş ekspozisiyası nümayiş etdirildi.
***
2015-ci ildə (16-18 sentyabr) Bakı İdman Sarayında keçirilən IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası qatılan ölkə, iştirakçı nəşriyyatların sayı ilə əvvəlki sərgilərdən fərqlənirdi. Dördüncü sərgidə 100 yerli, 30 xarici ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların nümayəndələri iştirak edirdi.
Budəfəki sərgidə də nəşriyyat işi sahəsində müxtəlif ölkələrin və beynəlxalq qurumların iştirakı ilə görüşlər, təqdimatlar keçirildi. Bundan əlavə, sərgi-yarmarka çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına şəhər kütləvi kitabxanası tərəfindən əhalinin asudə vaxtının səmərəli təşkili, kitabxanalara marağın artırılması məqsədilə müxtəlif tədbirlər reallaşdı.
***
28-30 sentyabr 2017-ci il tarixdə reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası isə bu sərgiyə ölkəmizdə və xaricdə ildən-ilə marağın artdığını ortaya qoydu. Yenə Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 150-dən çox yerli, 40-dan çox ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edirdi.
Üç gün davam edən tədbir çərçivəsində kitab təqdimatları, dəyirmi masalar, kitab-nəşriyyat işinin çağdaş problemlərini əhatə edən müzakirələr aparıldı. Beşinci sərgi-yarmarka həm də Azərbaycan Milli Kitabxanasında keçirilən “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfransla yadda qaldı. Sərgidə Mədəniyyət Nazirliyinin “Bərpanəşr” layihəsi çərçivəsində çap olunmuş kitabların təqdimatı da reallaşdı.
***
Beləliklə, paytaxtımız son 10 ildə artıq 6-cı dəfə beynəlxalq kitab bayramına ev sahibliyi edir. 20-dən çox ölkədən naşirlər, yazarlar, kitabxanaçılar, bu sahə ilə bağlı digər mütəxəssislər bu dəfə “Nəsimi ili”ndə – Azərbaycanın böyük şairi və mütəfəkkirinin söz işığında bir araya gəliblər.
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bütün iştirakçılarına uğurlar, səmərəli, işgüzar ortam, oxuculara, ədəbiyyat həvəskarlarına isə kitabla növbəti görüşdə əsl bayram əhvalı arzu edirik.