“Renessans-A” Nəşriyyat Evinin direktoru Səkinə Səmədova:

- Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası kitabın təbliği baxımından olduqca vacib bir tədbirdir. “Renessans-A” bundan əvvəlki sərgi-yarmarkalarda da iştirak edib. Nəşriyyatımızın ən böyük uğurları Mədəniyyət Nazirliyinin “Bərpanəşr” layihəsi çərçivəsində ərsəyə gələn kitablarla bağlıdır.

Tariximizin unudulmaz səhifələrinə işıq salan və cəmi bir nüsxəsi qalmış kitabların yenidən nəşr olunması böyük əhəmiyyət kəsb edir. “Bərpanəşr” layihəsi fəaliyyət göstərdiyi on ilə yaxın müddətdə raritet kitabların yenidən çap olunub oxuculara təqdim olunmasında mühüm rol oynayır. 100-150 il bundan əvvəl nəşr edilmiş nadir kitablar bu yolla yenidən oxucuların görüşünə gəlir. Nəşriyyat evi tərəfindən indiyədək bu qəbildən 100-dən çox kitab çap edilərək oxucuların ixtiyarına verilib. Layihə üzrə işıq üzü görmüş bir neçə kitab Türkiyədə “Zengin Yayıncılıq” nəşriyyatı tərəfindən çap olunaraq qardaş ölkənin oxucularına təqdim edilib.

1926-cı il nəşri əsasında yenidən çap olunan “Birinci Ümumittifaq Türkoloji Qurultayı” kitabı (naşir və redaktor Ələddin Əsədov) Qazaxıstan naşirlərinin də diqqətini cəlb edib və onlar bu dəyərli mənbəni nəşriyyatın icazəsi ilə çap edərək bu günlərdə qazax oxucularının ixtiyarına veriblər.

Bu kitabın təqdimatında tanınmış şair Oljas Süleymenov və türkoloqlar, şərqşünaslar iştirak ediblər. 1926-cı ildə Bakıda çap olunan kitabdan gətirilən sitatlar, qurultayın Qazaxıstan nümayəndəsi Həlimcan Şərəfin ümumtürk əlifbası haqqında dediyi sözlər təqdimat iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

“Renessans-A” Nəşriyyat Evi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Bərpanəşr” layihəsi çərçivəsində çap olunmuş yeni raritet kitabları təqdim edəcək. Maraqlı nəşrlərimizdən olan Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” mətbəəsində rus dilində çap edilmiş xatirələri oxucular tərəfindən rəğbətlə qarşılanacaq.

Nəşriyyatımız uşaq və yeniyetmələri də unutmur. F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə Azərbaycan və dünya klassiklərinin əsərlərini sərgi iştirakçılarına təqdim edəcəyik. Ümid edirik ki, N.Gəncəvinin “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi”, “Xeyir və Şər”, “Xarəzm gözəlinin hekayəti” kitabları, M.Ə.Sabirin “Təmsillər”, A.Şaiqin “Yaxşı arxa”, R.Rzanın “Çöl quşları”, Ş.Perronun “Büllur başmaq”, Qrimm qardaşlarının “Bremen musiqiçiləri”, E.Mejelaytisin “Dovşan oğlan” və s. nəşrlərimiz maraqla qarşılanacaq.

L.AZƏRİ