Dünyada texniki üsulla kitab çapının meydana gəldiyi ilk vaxtlardan bu çap nümunələrinin satışı da təşəkkül tapmağa başlayıb. Hələ XVI-XVII əsrlərdə kitab çapının vətəni Almaniyada – Frankfurt və Leypsiqdə kitab yarmarkaları təşkil edilirdi.

Bugünkü kitab yarmarkalarının tarixi isə 1949-cu ildə təşkil olunan Frankfurt yarmarkasından hesablanır. O vaxtdan etibarən hər il dünyanın müxtəlif ölkələrində beynəlxalq kitab yarmarkaları keçirilir. Bu tədbirlərdə müxtəlif ölkələrdən naşirlər, yazıçılar, tərcüməçilər, kitabxana işçiləri işgüzar görüşlər keçirir, təcrübə mübadiləsi aparırlar.

Hər ilin oktyabrında təşkil olunan Frankfurt yarmarkası dünyanın nəhəng kitab sərgisi hesab olunur. Yarmarka 10 iri pavilyondan (ümumi ekspozisiya sahəsi 172 min kv.m) ibarətdir. Burada dünyanın 100-dən çox ölkəsindən kitablar nümayiş etdirilir.

Bundan əlavə, hər il İstanbul, Moskva, Leypsiq, London, Paris, Qahirə, Kvebek, Minsk, Vilnüs, Əbu-Dabi, Pekin – ümumilikdə dünyanın 30-dan çox şəhərində beynəlxalq kitab sərgi-yarmarkaları keçirilir. Artıq on ildir ki, bu şəhərlərin sırasında Bakı da var.

SƏBİNƏ