Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan daha bir musiqi bayramı başa çatdı. Sentyabrın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirildi.
Gecədə istedadlı gənc dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətində beynəlxalq müsabiqələr laureatları Elnarə Məmmədova (Azərbaycan-Rusiya), Regina Rüstəmova (Rusiya), İlham Nəzərov, Mahir Tağızadə (hər ikisi Azərbaycan), Cəbrayıl İdrisov, Ümid İsrailov (hər ikisi Özbəkistan), Giorgi Çelidze (Gürcüstan) və başqaları çıxış etdilər.
Festivalın bağlanış mərasiminin ilk notları J.Bizenin “Karmen” operasından uvertüra ilə başlandı. Opera sənətində xəlqiliyin rəmzi sayılan əsərlə başlamaq yəqin ki, heç də təsadüfi deyildi. Orkestrin möhtəşəm ifasında əsərin melodiya zənginliyi, harmoniya parlaqlığı, orkestrləşdirmə şəffaflığı dinləyicilərin zövqünü oxşadı.
Solist, beynəlxalq müsabiqələr laureatı Regina Rüstəmovanın ifasında C.Verdinin “Aida” operasından Aidanın ariyası ilə vokalçılar öz çıxışlarının mükəmməlliyini nümayiş etdirdilər. Özbəkistanlı vokalçı Cəbrayıl İdrisov, ölkəmizdən əməkdar artistlər İlham Nəzərov, Elnarə Məmmədova, beynəlxalq müsabiqələr laureatları Mahir Tağızadə (Azərbaycan), Ümid İsrailov (Özbəkistan), Giorgi Çelidze (Gürcüstan) öz ifaları ilə dinləyicilərin qəlbini həyəcanlandırmağı bacardılar. “Traviata” (C.Verdi), “Turandot” (C.Puççini), “Vətən” (Q.Qarayev və C.Hacıyev) operalarından ariya və s. əsərlər bir-birini əvəzlədikcə orkestr və vokalçıların peşəkarlığı sayəsində dinləyicilər bu ifaları vokalçıların hiss etdikləri kimi anlamaq imkanı qazandılar. Musiqişünasların fikrincə, vokal bacarıqlarını yüksək səviyyəyə qaldırmaq asan olmadığı kimi, onu saxlamaq da çətindir. Vokalçılar orkestrin əsrarəngiz müşayiəti ilə bir daha peşəkar statuslarını təsdiqlədilər.
Festivalın finalı təcrübəli və həssas musiqiçilərin iştirakı ilə vokal sənətinin bütün ən yaxşı və ən incə əsərlərini bir araya gətirib zəngin bədii palitra yaratdı. Konsert proqramı həm də onu göstərdi ki, Üzeyir bəyin zəngin musiqi ənənələri davam edir. Azərbaycan musiqisi bu gün beynəlxalq aləmdə təbliğ edilir. Musiqi kollektivlərimiz beynəlxalq müsabiqələrdə çıxış edərək Azərbaycan xalqının musiqi qüdrətini nümayiş etdirir.
Sentyabrın 18-də – Milli Musiqi Günündə başlayan və unudulmaz anlarla yaddaşlara köçən 11-ci Üzeyir Hacıbəyli festivalında Azərbaycan, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri çıxış etdilər. Bu günlər ərzində paytaxtın konsert salonlarında – Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Heydər Əliyev Sarayında, Beynəlxalq Muğam Mərkəzində, Opera və Balet Teatrında, Akademik Musiqili Teatrda, Mahnı teatrında, Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında – ümumilikdə 40-a yaxın tədbir keçirildi, Üzeyir bəyin ölməz irsi bir daha yaddaşlarda təravətini təzələdi...