XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı müxtəlif ölkələrdən tanınmış musiqiçi və kollektivləri bir araya gətirmişdi. Bir-birindən maraqlı konsert proqramları, təqdimatlar musiqisevərlərə unudulmaz anlar yaşatdı.

Beynəlxalq Muğam Mərkəzində Bolqarıstanın məşhur violonçel ifaçısı Veliçka Yoçeva və Xalq artisti, pianoçu Murad Hüseynovun iştirakı ilə təşkil olunan konsert proqramı (25 sentyabr) festivalın yaddaqalan tədbirlərindən oldu. İki musiqiçinin dueti, violonçellə pianonun harmoniyası tamaşaçıları ecazkar aləmə  apardı. Elə bir aləmə ki, klassik musiqini sevən hər bir kəs bu dünyada ruhən dincəlir, notların şıltaq rəqsindən zövq alır... 

Konsertdən əvvəl bolqarıstanlı ifaçı ilə həmsöhbət olduq. Öyrəndik ki, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu olan Yoçeva artıq ikinci dəfədir şəhərimizin qonağıdır. İlk dəfə ölkəmizdə keçirilən müsabiqələrdən birinə münsif kimi dəvət olunub:

- Azərbaycana ikinci səfərimdən də çox məmnunam. Bura gəlməzdən əvvəl dostlarım deyirdi ki, Bakıya getsən, çox sevəcəksən. Amma bu gün deyirəm ki, Bakı mənim çox sevdiyim şəhərlərdəndir. İnsanlar, memarlıq əsrarəngizdir. Bir sözlə, Bakı mənim ruhuma çox yaxındır.

Budəfəki gəlişim isə mənim üçün böyük şərəfdir. Çox şadam ki, Azərbaycanda keçirilən belə bir musiqi bayramına dəvət almışam. Mənim üçün azərbaycanlı həmkarımla eyni səhnəni bölüşmək fəxrdir. Biz Murad müəllimlə konsertdən bir gün əvvəl tanış olduq. Məşq etdik və inanıram ki, konsertimiz sevgi ilə qəbul ediləcək. Çox istəyirəm ki, gələcəkdə Azərbaycan və bolqar bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə də çıxış edək. Hazırda Fransada yaşayıram və istəyirəm ki, ilk olaraq bu konserti orada reallaşdıraq. 

İfaçıdan bugünkü proqram barədə də fikirlərini xəbər aldıq:

- İnanıram ki, bəyəniləcək. Çünki elə əsərlər seçmişik ki, müasir tamaşaçının xoşuna gəlsin. Məsələn, əvvəllər biz irihəcmli sonatalar ifa edirdiksə, artıq çalışmışıq bu dəfə yığcam və qəlbləri fəth edən əsərləri ifa edək. Bu proqramı bir çələng də adlandırmaq olar.

Konsert proqramında Belçika bəstəkarı S.Frankın “Sonata”sı səsləndikcə musiqi və ifanın ahəngdarlığı sanki zamanı unutdururdu. Bəstəkarın dostu violin ifaçısı E.İzaiyə toy hədiyyəsi kimi yazdığı əsərlə konsertin açılışı melomanlara ifaçıların ilk ərməğanı oldu. Konsert boyu İ.Brams, L.Bokkerini, Y.Haydn, S.Raxmaninov, D.Popper, F.Şopen, R.Şuman, V.Montinin əsərləri bir-birini əvəzlədikcə dinləyicidə qəribə bir duyğu oyanışı yaranırdı.

Lalə AZƏRİ