Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi davam edir

Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun “Yenidən Bakıda” adlı fərdi sərgisi davam edir. Sentyabrın 25-də açılan sərgidə müəllifin 60-dək əsəri nümayiş olunur.

Mərasimdə çıxış edən Fərhad Xəlilov bildirib ki, bu onun Bakıda ikinci fərdi sərgisidir. İlk sərgisi on il bundan əvvəl təşkil edilib: “Rusiyada 11 fərdi sərgim açılıb. Bu möhtəşəm mərkəzdə sərgi təşkil etmək böyük məsuliyyət tələb edir. Çünki bura dünyada olan ən böyük, müasir mədəniyyət mərkəzlərindən biridir. Buna görə çox şadam. Sərgidə uşaqlıq, gənclik və müasir dövrdə çəkdiyim əsərlər təqdim edilib. Burada Xocalı faciəsinə həsr etdiyim əsərim də nümayiş olunur. Uzun müddətdir bu mövzu üzərində çalışırdım. İnanıram ki, sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanacaq”.

Mərasimdə iştirak edən müasir incəsənət üzrə mütəxəssis, Rusiyanın Ali İqtisad Məktəbinin professoru Leonid Bajanov bildirib ki, bu sərgi daha çox gənclərin marağına səbəb olmalıdır: “Çünki son 50 ilin sənətkarları gənc rəssamların diqqətindən kənarda qalıb. Şadam ki, bu sərgi geniş şəkildə təqdim olunur. Bizim tələbələr Fərhad Xəlilovun yaradıcılığına böyük maraq göstərirlər və əsərlərini öyrənirlər”.

SSRİ Xalq artisti, rejissor, Tbilisidəki Şota Rustaveli adına Dövlət Akademik Teatrının bədii rəhbəri Robert Sturua da Fərhad Xəlilovun sərgilərinin dünyanın bir çox ölkələrində uğurla nümayiş olunduğunu diqqətə çatdırıb.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Abşeron təbiətinin vurğunu olan rəssamın tablolarında Buzovna, Mərdəkan, Qala mənzərələri xüsusi incəlik və sevgi ilə əks edilib. “Görüş”, “Xatirə”, “Torpağın naxışları”, “Gözlənilməz baxış” silsiləsindən rəsmlərində torpağın, dənizin və səmanın vəhdəti hiss olunur.

Sərgi oktyabrın 25-dək davam edəcək.