Azərbaycan

 

30 sentyabr 1920 – Tanınmış rejissor Lətif Səfərov (1920 – 9.12.1963) Şuşada anadan olub. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının ilk sədri olub.

30 sentyabr 1945 – Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945-1983) Şəkidə doğulub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Ömür balladası”, “Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.

30 sentyabr 1950 – Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884 – 1950) vəfat edib. “Aşıq Qərib” operası, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.

 

1 oktyabr 1932 – Aktyor, mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. “Qızmar günəş altında” (Aydın), “Koroğlu” (Eyvaz) filmlərində çəkilib. 1963-cü ildə Ləzgi xalq teatrını təşkil edib.

1 oktyabr 1965 – Qəzəlxan şair Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 1895-1965) vəfat edib. Zəngin yaradıcılığı ilə yanaşı, Nizami, Xaqani, Füzuli, Nəvai və s. şairlərin farsca qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

   

2 oktyabr 1897 – Görkəmli şairə, maarifçi Xurşudbanu Natəvan (1832-1897) vəfat edib. Şuşada “Məclisi-üns” ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur.

2 oktyabr 1913 – Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913 – 18.1.1971) anadan olub.

2 oktyabr 1923 – Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 1923 – 12.9.2004) anadan olub. C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.

2 oktyabr 1981 – Xalq artisti Həsənağa Salayev (5.12.1921 – 1981) vəfat edib. “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

3 oktyabr 1875 – Yazıçı-dramaturq Süleyman Sani Axundov (1875-1939) Şuşada anadan olub. «Qorxulu nağıllar» toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. «Laçın yuvası», «Eşq və intiqam», «Şahsənəm və Gülpəri» və s. pyeslərin müəllifidir.

3 oktyabr 1887 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 – 4.11.1967) anadan olub. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.

3 oktyabr 1996 – Xalq yazıçısı İlyas Əfəndiyev (26.5.1914 – 1996) vəfat edib. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər», «Hökmdar və qızı» və s.) müəllifidir.

  

4 oktyabr 1923 – Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. Rus Dram Teatrında çalışıb. “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

4 oktyabr 1924 – Opera müğənnisi, aktrisa Sona Aslanova (1924 - 9.3.2011) anadan olub. “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib.

4 oktyabr 2000 – Görkəmli bəstəkar, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (7.11.1917 – 2000) vəfat edib. Populyar mahnıların müəllifidir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Nəsimi”, “Dərviş Parisi partladır” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.

4 oktyabr 2006 – Xalq artisti Hacıbaba Bağırov (12.6.1933 – 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Filmləri: “Ulduz”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Alma almaya bənzər”, “Şirbalanın məhəbbəti”.

 

Dünya

 

30 sentyabr 1917 – Teatr rejissoru, Rusiyanın Xalq artisti Yuri Lyubimov (1917-2014) anadan olub. Taqanka Teatrının rəhbəri olub, 1984-1988-ci illərdə məcburi mühacirətdə (sovet vətəndaşlığından məhrum edilərək) yaşayıb.

 

1 oktyabr Beynəlxalq Musiqi Günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub.

 

1 oktyabr 1912 – Rus tarixçisi, filosof, şair Lev Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada” və s.

 

2 oktyabr 1832 – İngilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor; 1832-1917) anadan olub.

 

3 oktyabr 1895 – Rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-1925-ci illərdə Bakıda yaşayıb. “Fars motivləri” silsiləsindən şeirlərin bir qismini burada qələmə alıb. Mərdəkanda şairin xatirə muzeyi var.

3 oktyabr 1897 – Fransız şairi, ədəbiyyatda sürrealizmin banilərindən Lui Araqon (Alouis Aragon - Louis-Marie Andrieux; 1897-1982) anadan olub.

 

4 oktyabr 1720 – İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi; 1720-1778) anadan olub.

Hazırladı:  Vüqar ORXAN