Nəsimiyə həsr olunmuş onlayn rəsm müsabiqəsinin sərgisi
Oktyabrın 3-də Xətai Sənət Mərkəzində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin gənc rəssamları arasında keçirilən “Məndə sığar iki cahan” adlı onlayn rəsm müsabiqəsinin yekun sərgisi açıldı.
“Nəsimi ili” çərçivəsində keçirilən müsabiqə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə reallaşıb.
Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev müsabiqənin əhəmiyyətindən danışdı, fərqlənən rəssamları təbrik etdi.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov qeyd etdi ki, müsabiqədə MDB ölkələri ilə yanaşı Gürcüstan, Estoniya və Türkiyədən də əsərlər təqdim olunub. Müsabiqəyə ümumilikdə 2000-dən çox rəssam öz işini təqdim edib. Onların arasından 100 əsər münsiflər heyəti tərəfindən müsabiqənin yekun sərgisində nümayiş olunmaq üçün seçilib.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov müsabiqənin əhəmiyyətindən söz açaraq iştirakçılara yaradıcılıq uğurları arzuladı.
Daha sonra münsiflər heyətinin rəyinə əsasən, 4 nominasiya (rəngkarlıq, fotoqrafiya, kompüter qrafikası, instalyasiya) üzrə qaliblər elan edildi. Uğur qazanan müəlliflərə diplom və hədiyyələr təqdim olundu.
Xatırladaq ki, layihənin əsas məqsədi mədəni müxtəliflik dəyərlərinin təbliği, MDB məkanında gənc istedadların aşkar edilməsi və onların yaradıcılıqlarının inkişaf etdirilməsi, müsabiqə və regional sərgilərin keçirilməsi yolu ilə yaradıcı gənclərin öz əsərlərini daha geniş auditoriyaya nümayiş etdirmək imkanının verilməsi, vizual incəsənət və internet imkanlarından istifadə etməklə Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin yaradıcılığına diqqətin artırılmasıdır.
Nurəddin MƏMMƏDLİ