Sentyabrın sonu, oktyabrın əvvəli Bakının dəyişkənliyinə alışdığımız havası bizi bir qədər də çaşdırır. Hava gün ərzində bir neçə dəfə isti yaydan sərin payızadək dəyişsə də, bu, paytaxtımızın mədəni həyatında coşan sənət rüzgarına heç təsir etmir...
Neçə gün idi ki, həmişə qonaq-qaralı olan İçərişəhər bu dəfə bir qədər fərqli işgüzar bayram büsatına bürünmüşdü. Hər zaman onun memarlıq incilərinə, meydanlarına çıxarılan milli dekorativ-tətbiqi sənət nümunələrinə əcnəbilər tamaşa edirsə, bu dəfə elə əcnəbilər də bizlərə qoşulub öz sənət hünərlərini göstərirlər. Baxanlar, seçənlər isə təkcə turistlər yox, həm də yerlilərdir.
Sentyabrın 28-dən oktyabrın 4-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (İRCİCA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçirildi.
Festivalın açılış məqamlarında Qoşa Qala qapısından içəri keçən, ya da Şirvanşahlar sarayı tərəfdən üzüaşağı enən hər kəsi milli musiqi alətlərimizin çalğısı düz ünvana tərəf aparırdı. Biz də musiqi səsi gələn tərəfə getmişdik...
Gözümüz ağ çadırlardakı sənətkarların əl işlərində qalsa da, musiqi bizi düz Qız qalasının həndəvərinə gətirmişdi. Yeri gəlmişkən, “El sənəti” festivalı və eyni zamanda gerçəkləşən “İslam dünyasında incəsənətin inkişaf perspektivləri” mövzusunda I Bakı Beynəlxalq Konqresi bu günlər bir-birini əvəzləyən sənət layihələri ilə bərabər, ölkəmizdə ikinci dəfə təşkil edilən Nəsimi festivalına daha bir töhfə oldu. 30 müsəlman ölkəsini təmsil edən 50-dən çox tətbiqi sənət ustası, alim və ekspert festival və konqresdə iştirak etdi.
Bakıya bəzək verən Qız qalası, Şirvanşahlar sarayı təkcə zövqün, yaradıcılığın, sənətin ən gözəl nümunələri deyil, Azərbaycan xalqı ilə yanaşı bütün dünyanın mədəni-tarixi irsidir. Əslində, İçərişəhəri unikal məkana çevirən abidələrin bir çoxu Nəsimi dövrünə aiddir.
***
Yenidən ağ çadırların sıralandığı meydandayıq. Girəcəyinin üstündə ölkələrin adları yazılmış çadırların doğurduğu assosiasiya o qədər çeşidlidir ki. Hətta bir anlığa adama elə gəlir ki, əlindən gözəl sənət əsəri çıxan, təxəyyülünün dediklərini əlləri ilə yaradan, yaratdıqlarına qəlbinin hərarəti ilə can verən sənətkarları Qorqud dədəmiz yaxından-uzaqdan haraylayaraq Oğuz yurduna toplayıbmış sanki.
Burada kimlər, nələr yox idi!... Sənədli filmlərdə gördüyümüz müxtəlif xalqların sənətkarlıq nümunələri gözümüzün qarşısında yaranır. Məsələn, tacik usta çox incə tükcüklü fırça ilə Şərq miniatürlərinin XXI əsrə aid nümunəsini yaradır, qırmızı libaslı qırğız gözəli isə rus və türk dillərində sərbəst danışdığından milli keçə sənətinin Orta Asiyaya xas naxışları ilə süslü nümunələri barədə həvəslə məlumat verir. Onun izahatından sonra özünü bir anlığa müvəqqəti çadırda deyil, qardaş xalqın milli yaşayış evi – yurtada hiss edirdin.
Fələstinli tikmə ustası xanım isə, deyəsən, dil baxımından ünsiyyət çətinliyi olduğundan lap çadırının ağzında sərgilədiyi tikmələrin növbətisini gözümüzün qarşısında yaradırdı. Əslində, bu sayaq naxışsalma üsulu bütün dünyaya İtaliya sənətkarlarının tanıtdığı barcello tikmə üsuluna bənzəyir. Bənzəyiş olsa da, Fələstin tikməsi barcello olmayıb, daha incə və daha qəliz tikişi ilə seçilir.
Bu tikmələr əfqan xanımlarının dünyaya tanıtdığı milçə ilə hörgü üsulunu yadımıza saldı. Düşündük ki, yəqin Əfqanıstan çadırında dünyanın əli iş tutan xanımlarının bəyəndiyi, məşhur geyim dizaynerlərinin poduimlara çıxardığı “əfqani toxunuş”la nələrinsə necə yarandığını görmək şansımız ola bilər. Amma...
İngiliscəsi mükəmməl olan təmsilçi əfqan sənətkarlarının başqa bir məharətini nümayiş etdirirdi. Hər biri istənilən üslublu interyerin bəzəyi olacaq gözəl biçimli quş, dağkeçisi fiqurları, şamdanlar, dekorativ qablar… Deyərsiniz ki, burda nə var? Amma əgər həmin fiqurlar gümüşdən, bürüncdən, misdən xüsusi incəlik və tam oxşarlıq prinsipi ilə düzəldilibsə, onlara Əfqanıstan ərazisində bol tapılan firuzə, lazurit kimi qiymətli minerallardan bəzək ornamentləri vurulubsa, üstəlik, iş prosesində detalların dinamikası məharətlə gözlənilibsə, nə sözünüz?
Amma gördüklərimiz qarşısında heyrətimiz hələ qabaqdaymış. Sərgi iştirakçısı olan daha bir ölkə – Sudan çadırında təbii dəridən hazırlanmış, istər işlək, istərsə də, miniatür, çox xırda çanta modelləri var. Maraq üçün qiymətini soruşmaq istədiyimiz anda gözümüz çadırın divarına vurulmuş natural ölçülü piton və timsah dərilərinə sataşır və… fikrimizdən vaz keçirik. Sadəcə, dərilərin ölçüsünə baxaraq düşünürsən ki, dərisi soyulan yazıq timsah bala imiş…
Növbəti təəssürat şokunu (təbii ki, ilan dərisindən tikilmiş başmaqlar, firuzə qanadlı göyərçin qədər olmasa da) İndoneziya çadırındakı ustanın necə çalışmasını seyr edərkən yaşayırıq… Milli geyimli usta əvvəlcədən tünd rəngli taxta çərçivəyə salınmış açıq rəngli taxta lövhənin üzərini bizim misgərlər kimi incə iskənə və yüngül çəkiclə necə döyəcləyirsə, səthin üstündə açıqdan tündədək müxtəlif rəng çalarlarında naxış açılır.
Bu da kiçik, əsl hədiyyəlik ölçülü ipək sapdan toxunmuş Misir xalçaları. Əslində, xalçaya bizim qədər yaxın olanlar üçün naxış baxımından qeyri-adilik yoxdur. Lakin xalçanın toxunuş texnikasının mükəmməlliyinə söz ola bilməz.
Əlcəzairli ustalar isə milli misgərlik sənəti nümunələri ilə Bakıya gəlmişdilər. Amma məxsusi qəhvə dəsti diqqəti daha çox cəlb edirdi. Düzdür, mis məcməyilər döymə naxışları ilə göz oxşasa da, rəngli şüşədən olan çox kiçik, az qala üskük boyda olan stəkanlar tutumuna görə ilk baxışdan adamı təəccübləndirirdi. Ta Şimali Afrika ərəblərinin məişətinə bələd insanların ərəbsayağı qəhvə içmək vərdişi barədə dedikləri yadına düşənədək: “Onların hazırladığı qəhvə o qədər qatı olur ki, həmin qəhvəni içmək yox, yemək lazım gəlir”. Doğrudan da, əgər ərəb qəhvəsi belə qatıdırsa, o zaman onu yalnız bapbalaca stəkanda içmək məsləhətdir...
Hər kəsdən söz açıb özümüzdən danışmamaq saymazlıq olar. Azərbaycan da bir sıra ölkələr kimi bir neçə çadırda festivalda təmsil olunmuşdu. Xalçadan virtaj boyalı şüşə qablardan sırf Şəki bölgəsinə xas təkəlduz tikmələrinə qədər geniş çeşiddə dekorativ-tətbiqi sənət nümunələrimiz bolluca sərgilənirdi.
***
İşdir, əgər “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı ilə maraqlanmaq, sərgidən nəsə almaq fürsətiniz olmasa, darılmayın. Bu festival birincidirsə, deməli, davamı olacaq. Növbəti festivaladək də iştirakçı ölkələrə yolunuz düşərsə, həmin ölkədə nə ilə maraqlanıb, nəyi alacağınızı indidən bilmiş oldunuz.
Gülcahan MİRMƏMMƏD